Qəzza zolağının Sabra məhəlləsində 2023-cü ildə baş verən bombardmanlarda həyatını itirən 112 fələstinlinin nəşi uzunmüddətli axtarış işlərindən sonra dağıntılar altından çıxarılıb.
Referans Media xəbər verir ki, İsrail ordusunun hücumları zamanı dağılan binaların altında qalan cəsədlər aylar davam edən mürəkkəb əməliyyatlardan sonra aşkarlanıb. Tapılan nəşlər yaxınlarının göz yaşları arasında dəfn edilməyə başlanıb.
Qəzza Mülki Müdafiə İdarəsinin məlumatına görə, xilasedici qruplar təxminən iki həftə davam edən axtarış zamanı ümumilikdə 136 saat çalışaraq 112 nəfərin nəşinə və qalıqlarına çatıblar. Dağıntılar altından çıxarılanlar arasında 40 uşaq, 38 qadın və 7 əlil şəxs də olub.
Dəfn mərasimindən əvvəl tabutlar Qəzzadakı dağıdılmış binaların arasında yerləşdirilib. Yaxınları Fələstin bayraqlarına bükülmüş tabutların üzərinə çiçəklər qoyublar.
Hücumdan sağ çıxan Əbu Şəriyə ailəsinin üzvü Yusif Əbu Şəriyə bildirib ki, bombardman zamanı ailələr təhlükədən qorunmaq üçün müxtəlif binalara sığınıblar.
Onun sözlərinə görə, ilk bina vurulduqdan sonra insanlar yaxınlarının olduğu ikinci binaya keçiblər. Lakin qısa müddət sonra həmin bina da hədəfə alınıb. Daha sonra üçüncü binada toplaşan ailə üzvləri növbəti hücum nəticəsində dağıntılar altında qalıb.
Qəzza Mülki Müdafiə İdarəsinin nümayəndəsi Məhəmməd Əbu Dan bildirib ki, hücumlar zamanı itkin düşən daha 157 nəfərin nəşinə hələ də çatmaq mümkün olmayıb.
Yaxınları bəzi insanların bombardmanın gücündən parçalandığını, bəzilərindən isə heç bir iz qalmadığını bildiriblər.
BMT-nin Humanitar Yardım üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzada iyul ayında hücumlar nəticəsində 150-dən çox insanın öldüyünü açıqlayıb.
Qurumun məlumatına görə, bu göstərici ilin əvvəlindən bəri ən yüksək aylıq itki sayı hesab olunur. Hücumların əsas hissəsinin Qəzzanın cənub və qərb bölgələrindəki düşərgələrdə baş verdiyi bildirilib.
