Bu yay bölgələrdə istirahət etmək istəyənlər yüksək qiymətlərlə üzləşirdi. Hotel və istirahət mərkəzlərində qiymətlər mövsümün tələbatına uyğun olaraq artmışdı. Sentyabrın gəlişi ilə məktəblərin açılması və havaların tədricən sərinləşməsi bölgələrə turist axınını da azaldır.
Bəs payızda hansı bölgələrdə daha münasib qiymətə istirahət etmək mümkündür? Bundan sonra qiymətlər daha da ucuzlaşacaqmı?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, payızın gəlişi ilə bölgələrdə qiymətlərdə ucuzlaşma gözlənilir:
“Yay mövsümünün başa çatması ilə əlaqədar olaraq qiymətlərdə enmə müşahidə olunur. Artıq sentyabrın 15-dən etibarən orta məktəblər, universitetlər və texnikumlarda tədris prosesi başlayır. Bununla əlaqədar bölgələrə olan kütləvi turizmdə ciddi zəifləmə başlayacaq və bu, təbii ki, qiymətlərə də təsir göstərəcək. Qiymətlərin əvvəlki dövrlə müqayisədə 30-50 faiz aşağı düşəcəyi gözlənilir. Bu səbəbdən bölgələrə gedən turistlər daha çox solo səyahət edənlər, yəni tək gedən turistlər və ya dost qrupları olacaq. Eyni zamanda, xarici turistlərin də bölgələrə səfərləri davam edəcək. Buna görə bölgələrdə yüksək turizm mövsümünün başa çatması və qiymətlərin aşağı düşməsi normaldır”.
Ekspertin sözlərinə görə, yalnız“Formula-1” günlərində Bakıdakı hotellərdə qiymətlər artacaq:
“Sadəcə, Bakıda “Formula-1” yarışı keçiriləcəyi üçün sentyabrın 24-26-da, təxminən bir həftəlik müddət ərzində Bakı şəhərinin mərkəzində yerləşən hotellərdə doluluq yüksək səviyyədə olacaq. Oktyabr ayından etibarən isə qiymətlərin ən azı 30 faiz aşağı düşməsi gözlənilir. Bu, hər il müşahidə olunan haldır. Bölgələrdə bir çox turizm obyektləri mövsümü başa çatdırır və mövsümi fəaliyyət göstərdikləri üçün fəaliyyətlərini dayandırırlar.
Əsasən, bölgələrdə çox az sayda otel və motel mövsümün davamında fəaliyyət göstərir. Bu da Azərbaycanda kütləvi turizmin və yüksək turizm mövsümünün uzun müddət davam etməməsi ilə bağlıdır. Daha sonra qış mövsümünün başlaması ilə qış turizmi ön plana çıxacaq. Bu zaman istər-istəməz Qusar, Şahdağ və Naxçıvan kimi qış turizminin inkişaf etdiyi bölgələrə daha çox diqqət yönələcək”.
