Azərbaycan faktoru Moskvanın diqqətində: Putin niyə ard-arda Əliyevlə əlaqə saxlayır?

Azərbaycan-Rusiya münasibətlərində son dövrdə diqqətçəkən siyasi dinamika formalaşıb. Moskva və Bakı arasında müxtəlif səviyyələrdə təmasların ard-arda intensivləşməsi iki ölkənin münasibətlərində qarşılıqlı maraqların və praqmatik əməkdaşlığın yenidən ön plana çıxdığını göstərir.

Vladimir Putinin sentyabrın 7-də Prezident İlham Əliyevə telefon zəngi də məhz bu prosesin növbəti mühüm halqası kimi qəbul olunmalıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də ikitərəfli əlaqələri strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın dinamik inkişafı kimi xarakterizə edir. Bu münasibətlərdə Azərbaycanın Rusiya üçün əhəmiyyəti son illərdə daha aydın görünür. Cənubi Qafqazda müstəqil siyasət yürüdən, regional proseslərin əsas aktorlarından birinə çevrilən və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qura bilən dövlətik. Azərbaycanın Türkiyə, Avropa, ABŞ, Mərkəzi Asiya və digər istiqamətlərdə genişlənən əlaqələri onun geosiyasi çəkisini artırır. Buna görə də Moskva üçün Bakı ilə normal, sabit və qarşılıqlı faydalı münasibətlərin qorunması yalnız ikitərəfli münasibət məsələsi deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı maraqları baxımından mühüm amildir.

Azərbaycan üçün də Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Rusiya Azərbaycanın şimal qonşusudur və iki ölkə arasında sərhədin mövcudluğu münasibətlərə əlavə strateji məzmun verir. Eyni zamanda Rusiya böyük iqtisadi bazar, mühüm nəqliyyat istiqaməti və Azərbaycan vətəndaşları ilə sıx humanitar əlaqələrin olduğu ölkədir. Bu baxımdan Bakı üçün Moskva ilə münasibətlərin qarşılıqlı hörmət, suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi mühüm xarici siyasət istiqamətlərindən biridir. Son dövrdə diqqət çəkən əsas məqam isə münasibətlərdə dialoqun dayanmayıb, əksinə, daha da intensivləşməsidir. İyulun 28-də Putin və Əliyev arasında telefon danışığı baş tutub, həmin vaxt Kremlin bu söhbəti səmimi və məzmunlu kimi qiymətləndirib. Ardınca sentyabrın əvvəlində dövlət başçıları ŞƏT sammiti çərçivəsində görüşüblər və indi yenidən telefon əlaqəsi saxlayıblar.

Bu ardıcıllıq artıq təsadüfi diplomatik protokol çərçivəsindən kənara çıxan siyasi dinamikanı göstərir. Xüsusilə dövlət başçıları arasında birbaşa dialoqun intensivləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi və gündəlikdə olan məsələlərin operativ şəkildə müzakirə olunması baxımından əhəmiyyətlidir.

Burada başqa bir mühüm məqam da odur ki, Azərbaycan və Rusiya münasibətlərində müəyyən dövrlərdə ortaya çıxmış problemlərin qarşılıqlı dialoq yolu ilə aradan qaldırılması hər iki tərəfin maraqlarına cavab verir. Son illərdə yaşanan fikir ayrılıqları göstərdi ki, Bakı öz milli maraqlarından və suveren mövqeyindən geri çəkilmədən, problemlərin diplomatik kanallarla həllinə üstünlük verir. Moskva ilə münasibətlərdə də əsas xəttin məhz qarşılıqlı anlaşmanın bərpasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlməsi diqqət çəkir.

Bu baxımdan Putinin Əliyevə ardıcıl zəngləri və iki lider arasında keçirilən görüşlər münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi siqnallardır. Tərəflərin iqtisadiyyat, ticarət, humanitar sahə və digər istiqamətlərdə əlaqələri daha da genişləndirmək niyyəti qarşılıqlı asılılığın və maraqların kifayət qədər böyük olduğunu ortaya qoyur. Sentyabrın 7-dəki danışıqdan sonra əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılığın əldə olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Əslində, Bakı və Moskva üçün bir-birinin əhəmiyyəti yalnız bugünkü siyasi şərait ilə ölçülmür. Azərbaycan Cənubi Qafqazın mühüm nəqliyyat, enerji və logistika qovşaqlarından birinə çevrilir. Rusiya isə böyük əraziyə, geniş iqtisadi potensiala və regionda mühüm geosiyasi çəkisi olan qonşu dövlətdir. Belə bir coğrafiyada qarşılıqlı maraqların uzlaşdırılması və əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin uzunmüddətli strateji maraqlarına uyğundur.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri də müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında əməkdaşlıq qurmaqdır. Bakı Moskva ilə münasibətləri inkişaf etdirərkən Türkiyə, Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla əlaqələrini də genişləndirir. Bu siyasət Azərbaycanın regional və beynəlxalq müstəvidə manevr imkanlarını artırır.

Moskva üçün isə belə bir Azərbaycanla konstruktiv münasibətlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki regionda dəyişən geosiyasi reallıq fonunda Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya nəqliyyat və enerji sisteminin mühüm iştirakçılarından biridir.

Ona görə də Putinlə Əliyev arasında ardıcıl təmaslara sadəcə telefon zəngi və protokol xarakterli görüşlər kimi yanaşmaq doğru olmaz. Bu təmaslar iki ölkənin bir-birinə ehtiyac duyduğu və qarşılıqlı maraqların münasibətlərin əsasını təşkil etdiyi reallığın siyasi ifadəsidir.

Bu gün əsas mənzərə ondan ibarətdir ki, Bakı və Moskva münasibətlərdə problemlərin deyil, əməkdaşlıq imkanlarının önə çıxarılmasına çalışır. Qarşılıqlı dialoqun intensivləşməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi barədə razılaşmalar və liderlər səviyyəsində təmasların sıxlaşması münasibətlərin daha sabit və praqmatik məcraya yönəldiyini göstərir. Azərbaycan və Rusiya qonşudur.

Qonşuluq isə təkcə coğrafi anlayış deyil, həm də uzunmüddətli qarşılıqlı məsuliyyət və maraqlar sistemidir. Bu baxımdan Bakı-Moskva münasibətlərində qarşılıqlı hörmətin, suverenliyə ehtiramın və praktiki əməkdaşlığın güclənməsi həm iki ölkənin maraqlarına, həm də bütövlükdə regionda sabitliyin qorunmasına xidmət edir. Putin-Əliyev təmaslarının intensivləşməsi də məhz bu yeni reallığın – problemlərin dialoqla aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi və qonşuluq münasibətlərinin daha sağlam əsaslar üzərində qurulması istiqamətində siyasi iradənin-mühüm göstəricisi kimi görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki