Hörmüz Boğazı ətrafında artan geosiyasi gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Analitiklərin qiymətləndirməsinə görə, boğazda uzunmüddətli fasilə və ya bağlanma baş verərsə, neft qiymətlərində kəskin artım qaçılmaz ola bilər.
Referans Media xəbər verir ki, ABŞ mətbuatında yayımlanan təhlillərə əsasən, Hörmüz Boğazının uzun müddət bağlı qalması halında neftin bir bareli 167 dolları keçə bilər. Bəzi beynəlxalq maliyyə institutları isə daha sərt ssenariyə diqqət çəkərək qiymətlərin 200 dollara qədər yüksələ biləcəyini istisna etmir.
Avstraliya mərkəzli “Macquarie” maliyyə qurumu da İran–Qərb gərginliyinin yay aylarına qədər davam etməsi halında neftin 200 dollar səviyyəsinə çatmasının mümkün olduğunu bildirib.
Məlumata görə, dünya neft ticarətinin təxminən 20 faizi məhz Hörmüz Boğazı üzərindən həyata keçirilir. Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Qətərdən ixrac olunan neft və LNG daşımalarının böyük hissəsi bu marşruta bağlıdır.
Ekspertlər bildirirlər ki, boğazda mümkün fasilə təkcə neft deyil, həm də qaz, nəqliyyat və istehsal xərclərinə ciddi təsir göstərə bilər.
ABŞ-da artıq artım tendensiyası müşahidə olunan yanacaq qiymətlərinin yeni böhran ssenarisində daha da yüksələcəyi proqnozlaşdırılır. Analitiklər benzinin litrə görə kəskin bahalaşmasının inflyasiyanı yenidən sürətləndirə biləcəyini qeyd edirlər.
ABŞ–İran xəttində gərginliyin davam etməsi fonunda investorlar diqqətini tamamilə bölgədən gələn xəbərlərə yönəldib. Brent neftinin qiymətində dalğalanmalar artarkən, bazarlar Hörmüz Boğazı ilə bağlı mümkün riskləri artıq qiymətlərə daxil etməyə başlayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, bölgədə baş verə biləcək istənilən ciddi fasilə qlobal iqtisadiyyatda zəncirvari təsir yarada bilər.
