Dünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə avqust ayından etibarən şiddətlənən qarşıdurmalar nəticəsində ölən və yaralananların sayının 9 mini keçdiyini açıqlayıb.
Referans MEDİA xəbər verir ki, ÜST-nin Yəmənlə bağlı yayımladığı hesabatda bildirilib ki, avqustun əvvəlindən ölkədə artan hərbi gərginlik nəticəsində 1 677 nəfər həyatını itirib, 7 395 nəfər isə yaralanıb.
Hesabata əsasən, yalnız oktyabrın 20-25-i tarixləri arasında 103 nəfər ölüb, 456 nəfər yaralanıb. Bu dövrdə gündəlik orta hesabla 93 ölüm və yaralanma hadisəsi qeydə alınıb.
ÜST-nin məlumatına görə, toqquşmalar əsasən Taiz, Lahic və Marib əyalətlərində baş verdiyi, Ədən, Dali və Şabvada isə itki və yaralıların sayının az olduğu bildirilir.
Hesabatda vurğulanıb ki, oktyabrın 24-də ÜST Taiz şəhərinə tibbi yardım göndərib. Yardım paketlərinə yaralıların müalicəsi üçün 46, təcili müdaxilə üçün isə 10 dəst olmaqla ümumilikdə 56 tibbi komplekt daxil olub.
Bundan əlavə, təxminən 30 ton tibbi ləvazimat şəhərdəki 3 xəstəxanaya və bir səhiyyə mərkəzinə çatdırılıb.
ÜST Marib vilayətində fəaliyyət göstərən 31 mobil tibbi məntəqədən yalnız 6-sının işlədiyini bildirib. Səhiyyə müəssisələrinin zərər görməsi və tibbi avadanlıq çatışmazlığı səbəbindən əhalinin əsas tibbi xidmətlərə çıxışının ciddi şəkildə çətinləşdiyi qeyd olunub.
Təşkilat xüsusilə Taiz şəhərində dərman, yanacaq və təmiz su çatışmazlığının, eləcə də tullantıların idarə olunmasındakı problemlərin yoluxucu xəstəliklərin yayılması riskini artırdığını bildirib.
Hesabatda həmçinin Yəmənin şərqində yerləşən Rayyan hava limanının oktyabrın 21-də pilotsuz uçuş aparatları və raketlə hədəfə alındığı qeyd olunub. Hücum nəticəsində ölənlərin olmadığı və ciddi dağıntıların qeydə alınmadığı bildirilib.
Bundan başqa, Taiz şəhərindəki Sevra Dövlət xəstəxanasına oktyabrın 20-də yenidən silahlı hücum edildiyi, hadisə zamanı 3 hərbçi və bir xəstənin yaralandığı açıqlanıb.
Yəmən 2014-cü ilin sentyabrından, İran tərəfindən dəstəkləndiyi bildirilən husilərin paytaxt Səna və bir sıra strateji bölgələrə nəzarəti ələ keçirməsindən sonra dərin siyasi və hərbi böhran yaşayır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verir.
Son dövrlərdə hökumət qüvvələri ilə husilər arasında qarşıdurmalar yenidən şiddətlənib. Husilər isə onlara qarşı keçirilən əməliyyatlara cavab olaraq Səudiyyə Ərəbistanı ərazisini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf almaqda davam edir.
