Türkiyənin Galatasaray klubunda nigeriyalı hücumçu Viktor Osimhenlə bağlı sürpriz transfer iddiası gündəmə gəlib.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, Atletiko Madrid baş məşqçisi Dieqo Simyone 27 yaşlı forvardı komandasının heyətində görmək istəyir.
Referans MEDİA xəbər verir ki, "DirecTV Sports"un məlumatına əsasən, argentinalı çalışdırıcı hücum xəttini gücləndirmək üçün rəhbərlikdən yüksək səviyyəli santrfor transferi tələb edib və Osimheni bu profilə uyğun futbolçu kimi dəyərləndirib.
İddialara görə, Madrid təmsilçisi Osimhenin transferini reallaşdırmaq üçün müxtəlif maliyyə variantlarını nəzərdən keçirir.
Klubun bonus sistemləri, futbolçu mübadiləsi və ödəniş şərtlərində elastik yanaşma kimi alternativlər üzərində çalışdığı bildirilir.
Qeyd edək ki, Qalatasaray 2025-ci ildə Osimheni İtaliyanın Napoli klubundan 75 milyon avro transfer haqqı qarşılığında heyətinə qatıb.
Nigeriyalı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Müqavilədə sabit sərbəst qalma maddəsinin olmadığı bildirilir və bu səbəbdən mümkün transferlə bağlı son qərar Qalatasaray rəhbərliyinə məxsus olacaq.
Klubun komandanın əsas hücum silahlarından biri olan Osimheni asanlıqla buraxmaq istəmədiyi qeyd edilir. Futbolçunun yüksək maaşı isə mümkün keçidin qarşısındakı əsas maliyyə maneələrindən biri hesab olunur.
Osimhen 2026/2027 mövsümündə Fenerbahçe ilə oyunda komandasının 2:1 hesablı qələbəsində vurduğu iki qolla ön plana çıxıb.
Gücü, müdafiə arxasına sürətli çıxışları və qol vurmaq bacarığı ilə seçilən nigeriyalı hücumçunun Simyonenin oyun fəlsəfəsinə uyğun olduğu bildirilir.
Hazırda "Atletiko Madrid"in Osimhenlə bağlı marağının rəsmi təklifə çevrilib-çevrilmədiyi məlum deyil. Klublar arasında transfer razılaşmasının əldə olunması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.
