Regionda yeni müharibə təhlükəsi: Pakistan–Əfqanıstan xəttində gərginlik pik həddə

Pakistan ilə Əfqanıstan arasında Durand xətti boyunca toqquşmalar kəskinləşib. Tərəflərin yaydığı məlumatlara görə, ölənlərin sayı 200-ü keçib. Qarşıdurmanın intensivliyi isə artmaqda davam edir.

Referans Media xəbər verir ki, Taliban yaydığı açıqlamada Pakistan sərhədində yerləşən 15 hərbi bölgəni ələ keçirdiyini bildirib. Əfqanıstan hakimiyyətinin sözçü müavini Həmdullah Fitrat isə cavab əməliyyatları zamanı 55 Pakistan hərbçisinin öldürüldüyünü, 23 hərbçinin meyitinin və xeyli sayda silahın ələ keçirildiyini, Pakistan ordusuna məxsus bir qərargahın və 19 nəzarət-buraxılış məntəqəsinin nəzarətə götürüldüyünü iddia edib.

Pakistanın İnformasiya naziri Attaullah Tarar isə əməliyyatlar zamanı Əfqanıstan tərəfində: 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını, 27 mövqenin məhv edildiyini, 9 nöqtənin ələ keçirildiyini irəli sürüb.

Nazir həmçinin iki korpus və üç briqada qərargahı da daxil olmaqla bir sıra hərbi obyektlərin, 80-dən artıq texnika və silahın sıradan çıxarıldığını bildirib. Kabil, Pəktiya və Qəndəhar istiqamətlərində bəzi hədəflərin vurulduğu qeyd olunub.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra bölgədə sabitliyin təmin ediləcəyi gözlənilirdi. Onun sözlərinə görə, diplomatik səylərə baxmayaraq, gərginlik artmaqda davam edir və “artıq aramızda açıq müharibə var”.

Pakistan İnformasiya Nazirliyi ölkədə son dövrlər baş verən partlayışlardan sonra sərhəd bölgəsində “terror düşərgəsi” kimi qiymətləndirdiyi 7 nöqtəyə zərbə endirildiyini açıqlamışdı.

Əfqanıstan Müdafiə Nazirliyi isə buna “uyğun zamanda və ölçülü cavab” veriləcəyini bəyan etmişdi. Əfqanıstan Qızıl Aypara Cəmiyyəti Pakistanın hücumları nəticəsində 18 nəfərin həyatını itirdiyini bildirmişdi.

Hazırda tərəflərin səsləndirdiyi itki rəqəmləri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Sərhəd boyunca vəziyyət gərgin olaraq qalır və qarşıdurmanın daha genişmiqyaslı münaqişəyə çevrilməsi riski artır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki