Yaxın Şərqdə barıt qoxusu: İran ətrafında hərbi-siyasi gərginlik artıq ‘qırmızı xətti’ keçmək üzrədir. ABŞ-ın rəsmi Tehrana təqdim etdiyi 15 şərt regionun taleyini dəyişə biləcək bir ‘təslim aktı’dırmı?
Tanınmış siyasi şərhçi Toğrul İsmayıl mövzu ilə bağlı Referans Media-a açıqlama verərək, Hörmüz boğazı ətrafında qurulan böyük oyunun pərdəarxası məqamlarını və mümkün nüvə təhlükəsini şərh edib.
Hadisələrin sonrakı gedişatını hərə bir cür şərh edir, müxtəlif proqnozlar verilir. Biz siyasi şərhçi Toğrul İsmayılın fikrini öyrəndik.
– ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlamaq üçün 15 şərt irəli sürüb. Bu şərtlərin məzmunu təslim aktını xatırlatmırmı?
– Donald Trump administrasiyasının İrana irəli sürdüyü şərtlər çox sərt və maksimalist xarakter daşıyır. Bu şərtlər yalnız nüvə proqramını deyil, İranın regional siyasətini və hərbi-strateji imkanlarını da məhdudlaşdırmağa yönəlib. Onlar siyasi baxımdan “təslim aktına bənzər” kimi qiymətləndirilə bilər. Lakin hüquqi baxımdan bu, müharibədən sonra diktə edilmiş sənəd deyil, sadəcə danışıqlar üçün ilkin şərtlər toplusudur.
– İranın nüvə silahına malik olması perspektivi nə üçün təhlükə kimi qiymətləndirilir?
– İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə təhlükəli silahlanma yarışına səbəb ola bilər. Bu vəziyyət Səudiyyə Ərəbistanı və Türkiyə kimi dövlətlərin də nüvə silahı istiqamətində addımlar atmasına gətirib çıxara bilər. Bu, artıq qeyri-sabit olan regionda hərbi gərginliyi daha da artırar.
Eyni zamanda İsrail ilə nüvə qarşılıqlı çəkindirmə balansı daha təhlükəli mərhələyə keçər.
Bundan əlavə, bu proses “Nuclear Non-Proliferation Treaty” kimi nüvə silahlarının yayılmamasına dair beynəlxalq rejimi zəiflədər və qlobal təhlükəsizlik balansını sarsıdar.
Beləliklə, İran ətrafındakı hərbi-siyasi gərginlik həm regional balansları, həm də beynəlxalq müqavilələrin taleyini təhlükə altına qoyur. Hadisələrin sonrakı gedişatı rəsmi Tehranın manevr imkanlarından və Vaşinqtonun ‘maksimalist’ təzyiq siyasətini nə dərəcədə davam etdirəcəyindən asılı olacaq. Mövzunu diqqətdə saxlayacağıq.
Sima Babayeva























