Türkiyəli aktyor Kadir İnanırın vəsiyyəti ətrafında yaranan miras mübahisəsinə həyat yoldaşı deyil, uzun illər birlikdə yaşadığı Jülide Kural münasibət bildirib. O, aktyorun böyük sərvətə sahib olması ilə bağlı iddiaları təkzib edərək əmlakının ev, üç köhnə avtomobil və bank hesabındakı vəsaitdən ibarət olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, Jülide Kural 25 “Rolex” saat və bahalı kolleksiyalarla bağlı iddiaları da yalan adlandırıb. Onun sözlərinə görə, İnanırın qurbağa kolleksiyası yalnız mənəvi dəyər daşıyan kiçik əşyalardan ibarətdir.
Məlumata görə, aktyor 2022-ci ildə notariusda hazırladığı vəsiyyətnamə ilə əmlakını, müəllif və ad hüquqlarını Jülide Kurala vəsiyyət edib. Bu qərar ailədə fikir ayrılığı yaradıb. İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnamənin hüquqi baxımdan mübahisələndirilə biləcəyini bildirib.
Jülide Kural isə onun barəsində səsləndirilən iddiaların şəxsi nüfuzuna xələl gətirdiyini deyərək hüquqi addımlar atacağını açıqlayıb. O, İnanırla evlənməmək qərarını özünün verdiyini, münasibətlərinin sevgi və etibar üzərində qurulduğunu vurğulayıb.
