Uqandada son 15 ildə azı 38 nəfərin ölümündə əli olmaqda şübhəli bilinən Moses Midjurizi saxlanılıb. O, ölkə tarixinin ən qəddar seriyalı qatillərindən biri kimi təqdim olunur.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Daily Monitor” nəşri məlumat yayıb.
Polisin məlumatına görə, Midjurizi 15 il ərzində insanları öldürüb və onların bədən üzvlərini yeyib. Onun əsasən bütöv ailələrə hücum etdiyi bildirilir. Məlumata əsasən, pala ilə silahlanan şübhəli evlərin divarlarını yararaq içəri daxil olurdu. Qadınları isə guya onlarla münasibət qurmaq istədiyini deyərək aldadıb tələyə saldığı iddia olunur.
Midjurizi indiyədək dörd dəfə saxlanılsa da, hər dəfə həbsdən qaçdığı və ya rüşvət verməklə azadlığa çıxdığı bildirilir. İlk saxlanılması zamanı 17 cinayəti etiraf etdiyi iddia olunan şəxsin həbsxanaya gizli şəkildə pul keçirdiyi və nəzarətçiyə rüşvət verərək azadlığa çıxdığı qeyd edilir.
Hazırda polis onun mümkün əlbir olduğu şəxsləri müəyyənləşdirməyə çalışır. İstintaqçılar Midjurizinin muzdlu qatil kimi fəaliyyət göstərmiş ola biləcəyini də ehtimal edirlər.
Uqandanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndəsi onun açıq məhkəmədə mühakimə olunacağını və edam ediləcəyini bildirib. Bununla belə, yayılan məlumata görə, saxlanılan şəxsə hələlik rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, şübhəlinin törətdiyi iddia olunan cinayətlərin sayı və digər təfərrüatlar istintaq çərçivəsində yoxlanılır./Sfera.az/
