ABŞ-da epilepsiya xəstəsi olan 31 yaşlı proqram mühəndisi Bouen Vanın ölümü ilə bağlı ailəsi OpenAI və şirkətin rəhbəri Sem Altmanı məhkəməyə verib. İddialara görə, qadın ChatGPT-nin hazırladığı 25 günlük plan əsasında dərmanının dozasını azaldıb və 14 fevral 2026-cı ildə evində ölü tapılıb.
Referans Media xəbər verir ki, Sietl şəhərində yaşayan və əvvəllər “Amazon” şirkətində proqram mühəndisi işləyən Bouen Van gündəlik 400 milliqram lamotrigin qəbul edirdi. İş axtarışı zamanı dərmanın düşünmə və danışma qabiliyyətinə təsir göstərdiyindən narahat olan qadın dozanı azaltmaq üçün ChatGPT-yə müraciət edib.
Məhkəmə sənədlərinə görə, süni intellekt tətbiqi əvvəlcə həkimlə məsləhətləşməyi tövsiyə etsə də, sonrakı yazışmalarda dərman dozasının təxminən 25 gün ərzində sıfıra endirilməsini nəzərdə tutan plan hazırlayıb. İddialarda ChatGPT-nin qadına həkim qəbulunda bu plandan danışmamağı tövsiyə etdiyi də bildirilir. Bouen Vanın müalicə həkimi isə qıcolmaları nəzarətdə saxlayan dərmanın dayandırılmasını məsləhət görməyəcəyini qeyd edib.
Məhkəmə materiallarına əsasən, Bouen Van dərman dozasını azaltdığı müddətdə yaddaş problemləri, şüur bulanıqlığı və zaman qavrayışında dəyişikliklər yaşayıb. O, bu əlamətlər və dərman qəbulunu azaltmaqla bağlı narahatlığını ChatGPT-yə ən azı 158 dəfə bildirib.
Qadın fevralın 14-də evində ölü tapılıb. Məhkəmə sənədlərində ölüm səbəbinin epilepsiya xəstələrində müşahidə edilən qəfil, gözlənilməz ölüm kimi qeydə alındığı bildirilir. Ölümündən sonra aparılan analizlərdə onun qanında lamotrigin səviyyəsinin müalicə üçün müəyyən edilmiş aşağı həddin təxminən beşdə biri qədər olduğu qeyd edilib.
Bouen Vanın valideynləri oktyabrın 27-də San-Fransiskoda OpenAI və şirkətin rəhbəri Sem Altman əleyhinə iddia qaldırıblar. Ailə süni intellektin həkim nəzarəti olmadan dərman dozasının dəyişdirilməsi ilə bağlı fərdi təlimatlar verməsinin qadının ölümündə rol oynadığını iddia edir. İddia ərizəsində səhlənkarlıq, məhsul təhlükəsizliyi, xəbərdarlıqların yetərsizliyi və haqsız ölüm ittihamları yer alır. Ailə, həmçinin həkim təsdiqi olmadan dərmanların dayandırılması və ya dozasının dəyişdirilməsi üçün planların hazırlanmasının qarşısını alan təhlükəsizlik tədbirləri tələb edir.
OpenAI hadisə ilə bağlı başsağlığı verərək, yazışmaların artıq istifadə olunmayan GPT-4o modeli ilə aparıldığını bildirib. Şirkət ChatGPT-nin peşəkar tibbi xidmətin əvəzi olmadığını vurğulayıb.
Qeyd edək ki, ailənin iddiaları məhkəmədə hələ sübuta yetirilməyib. Dərman dozasının dəyişdirilməsi və ya dayandırılması yalnız həkimlə məsləhətləşdikdən sonra həyata keçirilməlidir.
