Ölkədə ictimai nəqliyyat parkının yenilənməsi prosesi sürətlənir. Köhnə dizel avtobusları mərhələli şəkildə istifadədən çıxarılır. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, köhnəlmiş nəqliyyat vasitələrinin əvəzlənməsi əsas hədəfdir. İlin sonunadək xətlərdə cəmi beş yüz belə avtobus qalacaq. Növbəti ildə isə həmin nəqliyyat vasitələri tamamilə yenilənəcək.
Avtobus parkının sürətli yenilənməsi gələcəkdə gediş haqqının qiymətinə təsir edə bilər?
Referans Media xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu baxımdan, artıq dizel yanacağından istifadə edən nəqliyyat vasitələrinin daha ekoloji və az məsrəfli nəqliyyat vasitələri ilə əvəzlənməsi, eləcə də daha səmərəli nəqliyyat vasitələrinin ictimai nəqliyyatda yer alması sektorda müəyyən keyfiyyət dəyişikliklərinə səbəb ola bilər.

Onun sözlərinə görə, bu istiqamətdə dəfələrlə müəyyən dəyişikliklər və islahatlar aparılıb, müsbət nəticələr də əldə olunub:
"Lakin nəqliyyat sıxlığını aradan qaldırmaq üçün ictimai nəqliyyatın alternativləri ilə bağlı hələ də səmərəli nəticə ortaya qoyulmayıb. Bununla bağlı müəyyən addımların atılmasını gözləmək lazımdır. Çünki metro, avtobus və qismən də elektrik qatarları üzərindən ictimai nəqliyyatın təşkili alternativ imkanların o qədər də geniş olmadığını göstərir. Əgər tramvay, trolleybus xətləri və digər nəqliyyat vasitələri də mövcud olsaydı, bu, xüsusilə Bakı şəhərində tıxacların aradan qaldırılmasına müəyyən təsir göstərə bilərdi. Hələlik bu imkanlar tam mənada reallaşdırılmayıb.
Ümid edək ki, avtobuslarla bağlı prosesin başlanması və ən azı bu sahədə nəqliyyat parkının yenilənməsi ictimai nəqliyyatın inkişafına, nəqliyyat infrastrukturunun keyfiyyətcə yenilənməsinə kömək edəcək".
