ABŞ dövlət katibi Marko Rubio İrana qarşı keçirilən əməliyyatın zəruri olduğunu bildirib və Tehranın artan hərbi potensialının qlobal təhlükəyə çevrildiyini iddia edib.
Referans Media xəbər verir ki, Rubio açıqlamasında qeyd edib ki, İran təxminən bir il və ya il yarım ərzində “toxunulmazlıq həddini” keçə bilərdi.
“Bu əməliyyat baş verməli idi. Çünki İran yaxın gələcəkdə o qədər qısa mənzilli raket və pilotsuz aparat istehsal edəcəkdi ki, artıq bunun qarşısını almaq mümkün olmayacaqdı. Onlar bütün dünyanı girov götürə bilərdilər”, – deyə ABŞ dövlət katibi bildirib.
Onun sözlərinə görə, bəzi hesablamalara əsasən, İran ayda 100-dən çox belə raket istehsal edir, halbuki eyni müddətdə cəmi 6-7 ədəd raket əleyhinə sistem istehsal etmək mümkündür: “Rejim radikal din xadimləri tərəfindən idarə olunur. Onlar geosiyasi deyil, teoloji baxışlara əsaslanan qərarlar qəbul edirlər və bu baxış apokaliptik xarakter daşıyır”.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın ballistik raket potensialını və bu silahları istehsal etmək imkanlarını, eləcə də İran hərbi-dəniz qüvvələrinin qlobal dəniz nəqliyyatına yaratdığı təhlükəni aradan qaldırmaqdır.
“Ümid edirik ki, İran xalqı bu hökuməti devirə və ölkəsi üçün yeni gələcək qura bilər. Biz bunun baş verməsini çox istərdik. Lakin missiyamızın əsas məqsədi onların ballistik raket və hərbi-dəniz potensialını məhv etməkdir”, – deyə Rubio əlavə edib. /Musavat.com





















