Rusiya bunu da etdi - Artıq hərəkətə keçilib

Rusiya Hind okeanına çıxışı təmin edəcək dəmir yolu layihəsini yenidən gündəmə gətirib. Bu təşəbbüsün əsas məqsədlərindən biri Bosfor və Hörmüz boğazlarından asılılığı azaltmaq, həmçinin Hindistanla ticarət əlaqələrini quru yolu vasitəsilə genişləndirməkdir. Bəs Moskvanın bu layihəyə marağının arxasında hansı amillər dayanır?

Referans Media bildirir ki,  mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu NOCOMMENT.az-a açıqlamasında qeyd edib ki, rusiyalı rəsmilərin sözlərinə görə, boğazlardan istifadə çətinləşdikcə Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən dəmir yollarının çəkilməsi gündəmə gələ bilər.

Politoloqun sözlərinə görə, Rusiyadan Hind okeanına quru yol ideyası yeni deyil. Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə imperiyanın Şərq ticarətinə birbaşa çıxışını təmin etmək məqsədilə bu istiqamətdə planlar qurub. Həmin dövrdə Britaniya imperiyası dənizlərə hakim olmağa çalışdığı halda, Rusiya Hind okeanına qədər uzanan quru yollarına nəzarət etmək istəyirdi.

Şahinoğlu qeyd edib ki, Rusiya bu ideyaya Birinci Dünya müharibəsinin astanasında da qayıdıb. Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrutunun Hindistana qədər uzadılması məsələsi müzakirə olunurdu. Lakin regional risklər və Birinci Dünya müharibəsinin başlaması layihənin həyata keçirilməsinə imkan vermədi.

“Göründüyü kimi, üstündən 100 ildən çox vaxt keçdikdən sonra Rusiya Hind okeanına quru yol layihəsini yenidən müzakirəyə çıxarıb. Dəmir yolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana uzanması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına alternativ hesab edir”, – politoloq bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqdan Hindistanın Mumbay şəhərinə qədər məsafə 7 min kilometrdən çoxdur və dəmir yolu bir sıra ölkələrin ərazisindən keçməlidir. Bu səbəbdən layihənin reallaşması kifayət qədər çətin görünür. Çünki Avrasiya bölgəsində bir əsr əvvəl mövcud olan qeyri-sabitlik bu gün də tam aradan qalxmayıb.

Politoloq hesab edir ki, Kremlin layihəyə yenidən müraciət etməsinin bir neçə səbəbi var. Birincisi, Rusiya Ukrayna müharibəsi fonunda Avropa bazarlarında ciddi məhdudiyyətlərlə üzləşib və diqqətini Asiya bazarlarına yönəldib. İkincisi, müharibə səbəbindən Rusiyanın enerji infrastrukturuna zərbələr endirilir və ölkənin yanacağa tələbatı artır.

Şahinoğlu bildirib ki, Rusiya hazırda Hindistana satdığı neftin qarşılığında bu ölkədən yanacaq da alır. Lakin Hindistandan Rusiyaya dəniz yolu ilə yanacaq daşınması xərclidir. Bu baxımdan quru nəqliyyat marşrutunun yaradılması Moskva üçün iqtisadi baxımdan cəlbedici ola bilər.

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsindən əvvəl Rusiya Hindistana ümumi neft ixracının cəmi 3 faizini həyata keçirirdi. Hazırda isə Rusiyanın Hindistanın neft idxalındakı payı əhəmiyyətli dərəcədə artıb. İyul ayında Rusiya nefti Hindistanın ümumi xam neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir.

Hindistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistanın bütün ölkələrdən ümumi xam neft idxalı gündə təxminən 5 milyon barel olduğu halda, Rusiyadan idxalın gündəlik həcmi 2,5-2,8 milyon barel civarındadır.

Şahinoğlu hesab edir ki, bu baxımdan dəmir yolu layihəsi Hindistanın da maraqlarına cavab verə bilər. Lakin təşəbbüsün reallaşması üçün ilk növbədə regionda sabitlik təmin edilməli, marşrut üzrə yerləşən ölkələr arasında mövcud siyasi və təhlükəsizlik problemləri həllini tapmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki