Yaxın Şərqdə gərginliyin azalması fonunda qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmi hərəkəti tədricən bərpa olunur. Boğazın yenidən açılmasından sonra bölgədə gözləyən Cənubi Koreya ilə əlaqəli gəmilərin böyük hissəsi təhlükəsiz şəkildə marşrutunu davam etdirib.
Referans Media xəbər verir ki, Cənubi Koreyanın Dənizçilik Nazirliyinin məlumatına görə, bölgədə gözləyən daha 8 gəmi bu gün təhlükəsiz şəkildə Hörmüz boğazından keçib.
Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ və İsrailin fevralın sonunda həyata keçirdiyi hücumlardan sonra bağlanan boğazda qalan 26 gəmidən 13-ü ötən gün, daha 8-i isə bu gün keçid edib.
Beləliklə, Hörmüz boğazında gözləyən Cənubi Koreya ilə əlaqəli gəmilərin sayı 5-ə enib.
Xatırladaq ki, İran ABŞ-İsrail qarşıdurmasından sonra qlobal enerji ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazını bağlamışdı. Daha sonra İran və ABŞ arasında əldə olunan razılaşma əsasında boğaz yenidən dəniz nəqliyyatı üçün istifadəyə verilib.
