Almaniyada 40 dərəcəni keçəcək istilərlə bağlı xəbərdarlıq edildi

Almaniyada həftəsonu havanın temperaturunun bəzi bölgələrdə 40 dərəcəni keçəcəyi proqnozlaşdırıldığı üçün meteorologiya və səhiyyə qurumları əhaliyə xəbərdarlıq edib.

Ölkədə təsirini gücləndirən isti hava dalğası ilə əlaqədar Şimali Reyn-Vestfaliya, Hessen, Reynland-Pfalts, Saarland və Baden-Vürtemberq əyalətlərinin bəzi hissələri üçün ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan olunub. Berlin, Brandenburq, Saksoniya, Saksoniya-Anhalt, Türingiya, Bavariya və Aşağı Saksoniya əyalətlərində də xəbərdarlıqlar qüvvədədir.

Sinoptiklərin məlumatına görə, həftəsonu bir çox şəhərdə temperatur 35-40 dərəcə arasında dəyişəcək. Frankfurt və ətrafında havanın 41 dərəcəyədək yüksələcəyi, ölkənin şərqində və Polşa sərhədinə yaxın ərazilərdə isə 40 dərəcəni keçəcəyi gözlənilir.

Səlahiyyətli qurumlar xüsusilə yaşlılara, xroniki xəstələrə, uşaqlara və açıq havada çalışanlara günün ən isti saatlarında çölə çıxmamağı, bol maye qəbul etməyi və fiziki fəaliyyəti səhər və ya axşam saatlarına keçirməyi tövsiyə ediblər.

Bələdiyyələr isə sərinləmə məntəqələri yaradaraq həssas əhali qruplarının qorunması üçün əlavə tədbirlər həyata keçirir. Yetkililər vətəndaşları meteoroloji xəbərdarlıqları diqqətlə izləməyə çağırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki