Konqoda Ebola qurbanlarının sayı artır: Yoluxanların sayı 1155-ə çatdı

Konqo Demokratik Respublikasında mayın 15-də elan olunan Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 1155-ə, ölənlərin sayı isə 304-ə yüksəlib.

Konqo Demokratik Respublikasının Rabitə Nazirliyinin məlumatına görə, indiyədək 138 nəfər sağalıb, 318 xəstənin müalicəsi isə davam edir. Hazırkı statistikaya əsasən, xəstəlikdən ölüm göstəricisi 26,3 faiz təşkil edir.

Bildirilib ki, Konqo Demokratik Respublikası və Uqanda sərhədyanı ərazilərdə, xüsusilə Aru bölgəsində laboratoriya imkanlarının və tibbi müdaxilə potensialının gücləndirilməsi məqsədilə 90 günlük birgə Ebola ilə mübarizə planına başlayıb.

Qonşu Uqandada da indiyədək 20 Ebola yoluxması qeydə alınıb, 2 nəfər həyatını itirib.

Qeyd edək ki, mövcud epidemiya nadir rast gəlinən "Bundibuqyo" Ebola variantı ilə əlaqədardır və bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Ebola ilə bağlı beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki