Dekabrın 24-də keçirilən Milad tədbiri çərçivəsində ABŞ Prezidenti Donald Tramp Rusiya, Ukrayna və Çinlə bağlı məsələlərə yenidən qayıtmağın vaxtının çatdığını qeyd edib.
Referans Media xəbər verir ki, Floridadakı Mar-a-Lago malikanəsində olan Amerika lideri Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) zəng edərək Şaxta babanın harada olduğunu soruşan uşaqların suallarını cavablandırıb. Söhbətlərdən birinin sonunda Tramp bildirib:
“Bunu bütün gün edə bilərəm. Çinə, Rusiyaya, Ukraynaya qayıtmalıyıq. Başqa məsələlərə də qayıtmalıyıq. Amma mən bunu bütün gün edə bilərəm”.
Prezident konkret olaraq hansı mövzulara toxunduğunu açıqlamayıb. Sözügedən söhbət Ağ Ev tərəfindən yayımlanıb. Qeyd edək ki, Şaxta babanın bayram marşrutunun izlənilməsi ənənəsi ABŞ-də 1955-ci ildən etibarən mövcuddur. Həmin il pərakəndə satış şirkətlərindən birinin reklamında uşaqların hədiyyə istəklərini bildirmək üçün təqdim olunan telefon nömrəsi səhvən Kontinental Hava Hücumundan Müdafiə Komandanlığının (indiki NORAD) Əməliyyatlar üzrə rəisi polkovnik Harri Şoupun nömrəsi olub.
Polkovnik zəng edən uşaqlara hərbçilərin Şaxta babanın uçuşunu izlədiyini bildirib. Bununla da təyyarə və raket buraxılışlarını izləyən sistem simvolik olaraq Şaxta babanın səfər marşrutunu izləməyə başlayıb.





















