Londonda yerləşən "OMFIF" təşkilatının yeni hesabatı dünya maliyyə sistemində uzunmüddətli dəyişikliklərin başlaya biləcəyini göstərib.
Referans Media xəbər verir ki, təxminən 10 trilyon dollar həcmində aktivləri idarə edən 90-dan çox Mərkəzi Bank və suveren fondun iştirak etdiyi sorğunun nəticələri diqqət çəkib.
Hesabata əsasən, 2010-cu ildən bu yana ilk dəfə mərkəzi banklar yaxın 10 il ərzində ABŞ dolları ehtiyatlarını artırmaq əvəzinə azaltmağı planlaşdırır. Bu tendensiyanın əsas səbəbləri kimi geosiyasi risklər, ABŞ-də artan siyasi qeyri-müəyyənlik və qlobal iqtisadi balansdakı dəyişikliklər göstərilir.
Eyni zamanda, mərkəzi banklar rezervlərini daha çox diversifikasiya etməyə başlayır. Sorğuya görə, bankların təxminən 30 faizi yaxın 1–2 il ərzində qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Qızıl, təhlükəsiz aktiv kimi yenidən ön plana çıxır.
Bundan başqa, Norveç kronu, Yeni Zelandiya dolları və Britaniya funtu kimi valyutalara marağın artdığı bildirilir. Avro və Çin yuanı isə müəyyən struktur problemlərə baxmayaraq, ehtiyat portfellərində yerini qoruyur.
Hesabatda diqqət çəkən digər məqam rezerv idarəçiliyində süni intellektin rolunun artmasıdır. Mərkəzi bankların 66 faizindən çoxu yaxın dövrdə rezerv idarəçiliyində süni intellektdən daha geniş istifadə etməyi planlaşdırır.
Sorğu iştirakçılarının böyük hissəsi — mərkəzi bankların 79 faizi və suveren fondların 60 faizi — qlobal maliyyə sisteminin tədricən “çoxqütblü valyuta modelinə” keçdiyini düşünür.
Analitiklər bu dəyişimin dolların dominant rolunun zəifləməsi və qlobal maliyyə sistemində yeni balansın formalaşması anlamına gələ biləcəyini bildirir.
