Dünyanın “ən güclü qadını” Bakıda - 7 uşaqlı Leyen kimdir...

Avropa Komissiyasının ilk xanım prezidentini “ikinci Merkel” də adlandırırlar - həkim siyasətçinin maraqlı həyat hekayəsi

İyulun 1-i axşam saatlarında Avropa Komissiyasının (AK) ilk qadın prezidenti Ursula fon der Leyen İrəvandan Bakıya gələcək. O, sonuncu dəfə 2022-ci ildə Azərbaycanda olub və prezident İlham Əliyevlə “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıb.

Avropa İttifaqının Cənubi Qafqazda təsirinin gücləndiyi, həmçinin, Rusiyanın enerji məhsullarından imtina etdiyi bir dövrdə Leyenin regiona gəlişi əhəmiyyət kəsb edir. AK prezidenti “qoca qitə”nin siyasətində mühüm fiqurlardan biridir. Hətta Qərb mediası onun Aİ-də dominantlığı ələ keçirməyə hazırlaşdığı haqda xəbərlər tirajlayır. “İkinci Merkel” kimi görünən Leyen xüsusən Aİ-nin baş diplomatı Kallasla rəqabətdədir.

Hər halda, Avropanın qürub edən siyasətində, xarizmatik lider defisiti olan bir dövründə Leyen nisbətən parlaq görünür. Biz isə bu yazıda daha çox onun həyat yoluna, bioqrafiyasına işıq salmağa çalışmışıq, nəinki Bakıya gəliş səbəbinin siyasi-iqtisadi detallarına...

Qərbin parlayan “ulduzu”

Leyen 8 oktyabr 1958-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində alman ailədə doğulub və böyüyüb. Atası Ernst Albrext  Avropanın ilk dövlət qulluqçularından biri olub. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə bu ölkəyə  köçüb. 1978-ci ildə London İqtisadiyyat Məktəbini bitirib, 1987-ci ildə isə Hannover Tibb Məktəbindən tibbi lisenziya alıb. Həkim yoldaşı Heiko fon der Leyen  ilə evləndikdən sonra 1990-cı illərdə ailəsi ilə birlikdə dörd il ABŞ-da yaşayıb. Almaniyaya qayıtdıqdan sonra 1990-cı illərin sonlarında Hannover bölgəsində yerli siyasətlə məşğul olub və 2003-2005-ci illərdə Aşağı Saksoniya əyalət hökumətində kabinet naziri vəzifəsində çalışıb.

Leyen 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçidir. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Leyen mərkəz-sağ Xristian Demokratik İttifaqının (XDİ) və onun Aİ-yə yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) da üzvüdür.

Merkeldən sonra Almaniya kansleri vəzifəsinə əsas namizəd və Yens Stoltenberqdən sonra NATO baş katibi vəzifəsinə favorit kimi baxılıb. Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon 2019-cu ildə onu NATO ictimaiyyətində “ulduz” və “beş ildən çox NATO nazirlərinin duayeni” kimi təsvir edib. 2023-cü ildə o, yenidən favorit hesab edilib. O, 2022 və 2023-cü illərdə “Forbes” tərəfindən “dünyanın ən güclü qadını” seçilib.

11 yaşlı bacısı öldü, Leyeni silkələdi

Tibb professoru Heiko von der Leyenlə evli olan Ursula 7 uşaq anasıdır. Onlar David, Sofia, Donata, Viktoria, Johanna, Maria və Qrasiyadır. Sözün əsl mənasında elə dünyanın ən güclü qadını saymaq olar. Çünki həm aktiv siyasətlə məşğul olmaq, vəzifələr tutmaq, həm 7 uşaq böyütmək qadın üçün asan iş deyil. Devid Ekter 1987-ci ildə doğulub. Sofi Şarlotta 1989, Mariya Donata 1992, əkizlər Viktoriya Ursula və Johanna Gertrude 1994, Eqmont Ulrix 1998 və Qrasiya Diotima 1999-cu ildə doğulub.

Sofi fon der Leyen 2024-cü ilin avqust ayında Çili əsilli Xuan Pablo Brotfeld ilə ailə qurub. Toy mərasimi Almaniyanın Burqdorf şəhərində baş tutub və bəy evləndikdən sonra “fon der Leyen” soyadını götürüb. Lakin digər uşaqlarının şəxsi həyatı haqda məlumatlara rast gəlinmir. Yəni belə desək, Leyenlər mühafizəkar alman ailəsidir.

Yeri gəlmişkən, 2013-2019-cu illərdə Almaniya tarixində ilk qadın müdafiə naziri də elə Ursula fon der Leyen olub. Leyen Almaniyada aparıcı fiqur olduqdan sonra xərçəng xəstəliyini daima gündəmdə saxlayıb. Buna səbəb isə Brüsseldə yaşayarkən, kiçik bacısı Benita-Evanın 11 yaşında xərçəngdən ölməsi olub. Bu olay onu xərçəngi hökumətin diqqət mərkəzində saxlamağa ruhlandırıb.

Bununla belə, Avropada xanım Leyenin bölücü kimi qəbul olunduğuna dair iddialar var. Onun özü bir sıra qalmaqallı yanaşmalarla tanınır. Bir neçə il əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birlikdə Türkiyəyə səfər edərkən məlum olub ki, prezident Ərdoğanla üz-üzə oturmaq üçün yalnız bir masa qoyulub. Bu masada ya Şarl Mişel, ya da Ursula fon der Leyen əyləşməlidir. Həmin vaxt kənara çəkilərək divanda əyləşən Leyen olayı böyütməyib. Əslində isə Mişeli Ərdoğanla müzakirəyə tək buraxmaqla uğursuz səfərə görə də, məsuliyyətin onun üzərində qalmasına çalışıb.

Aşkar sionist, məxfi “COVİD” anlaşması 

Digər qalmaqallı məsələ fələstinlilərlə bağlıdır. Leyenin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarından sonra İsrailə verdiyi “şərtsiz dəstək” Aİ parlamentariləri və diplomatları tərəfindən tənqid edilib. 13 oktyabr 2023-cü ildə İsrailə səfəri zamanı fon der Leyeni Aİ-nin xarici siyasət rəhbəri Josef Borrell Avropanın geosiyasi mövqeyini sarsıtdığına görə tənqid edib. İsraili Yaxın Şərqdə “səhrada çiçəklənən canlı bir demokratiya” adlandıran fon der Leyen Fələstin muxtariyyətinin Xarici İşlər Nazirliyi tərəfindən irqçi olduğuna görə tənqid olunub.

Bundan başqa, Leyen hətta öz partiyası olan EPP daxilində “Yaşıl saziş”lə bağlı sərt tənqidlərlə üzləşib. Bu sənədlərdə göstərilən standartların sürətlə tətbiqinə qarşı çıxanlar fermerlərin etirazları ilə alovlanıb. Etirazların şiddətlənməsindən və kənd təsərrüfatı istehsalındakı böhrandan sonra Leyen 2030-cu ilə qədər pestisid istifadəsinin 50% azaldılmasını tələb edən qanunu ləğv etmək məcburiyyətində qalıb və bununla da “yaşıl keçid” prosesini ləngidib. Leyen xüsusən COVİD-19 pandemiyası dövründə “Pfizer” şirkəti ilə milyardlarla avroluq vaksin alışına dair məxfi mesajları ictimaiyyətdən gizlətməsi ilə bağlı “Pfizerqeyt” qalmaqalı ilə tanınır.

Makronun sevimlisi...

Qərb mediası yazır ki, Leyenin seçilməsi həm də Fransa prezidenti Emmanuel Makron tərəfindən təşkil olunub. Makron isə alman siyasətçini dəstəkləməsinin səbəblərindən biri kimi onun fransız dilində səlis danışmasını göstərib. Əlbəttə ki, Almaniyanın Avropa Mərkəzi Bankına rəhbərlik etmək üçün fransız qadın Kristin Laqardın dəstəyi də həlledici amil olub.

Onu da demək lazımdır ki, AK prezidenti cinsi azlıqların hüquqlarının fəal müdafiəçisidir. Bu ilin mayında Leyen “Praid həftəsi” ilə bağlı LGBT bayrağının qaldırıldığı görüntüləri sosial şəbəkədə paylaşaraq bunun sevginin, kimliyin və cəsarətin bayramı olduğunu bildirib. Lakin xüsusi vurğulanmalıdır ki, Leyen Ukraynanın ən güclü siyasi müdafiəçilərindən və tərəfdarlarından biridir. O, müharibənin ilk günlərindən etibarən Kiyevin suverenliyini qətiyyətlə dəstəkləyir və Ukraynanı “Avropanın ilk müdafiə xətti” adlandırır. Lakin bu ilin aprelində Leyenin başqa bir açıqlaması qalmaqala səbəb olub. Sitat: “Avropa qitəsini Rusiya, Çin və Türkiyənin təsiri altına düşməməsi üçün tamamlamağa müvəffəq olmalıyıq”. Onun bu fikri ictimaiyyətin kəskin reaksiyasından sonra düzəldilib.

Bakı ilə əlaqələr

Azərbaycanla əlaqələrə gəldikdə, Avropa Komissiyasının ölkəmizdə nümayəndəliyi 2008-ci ilin fevralında açılıb. Leyenin səfəri Aİ-Azərbaycan münasibətlərini daha yüksək strateji səviyyəyə qaldıracağını hədəflədiyi üçün Avropa siyasi xadimlərinin bu vaxta qədər ölkəmizə etdiyi səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək. Bu səfər həm də Avropa Şurasının Azərbaycanla bağlı qətnamə qəbul etdiyi vaxta təsadüf edir. Baxmayaraq ki, Leyen enerji sahəsində əməkdaşlığı müzakirə etməyə gəlir, amma onunla Aİ-nin digər qollarının anti-Azərbaycan mövqeyi barədə də söhbət aparılacağı istisna deyil.

Xatırladaq ki, Avropa Komissiyası Avropa İttifaqının siyasətinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, parlament və şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq parlament və şura tərəfindən hazırlanan büdcə, eləcə də proqramları tətbiq etmək vəzifəsini daşıyır. Komissiyanı işdən azad edə biləcək tək orqan Avropa Parlamentidir.

Beləliklə, Avropa siyasətinin mərkəzi fiquru, “dünyanın ən güclü qadını” adını qazanmış Leyen ikinci dəfə Bakıya gəlir.../musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki