Rusiyada miqrantların vahid uşaq müavinəti alması ilə bağlı yeni məhdudiyyət tətbiq olunub.
Referans Media xəbər verir ki, Rusiya hökumətinin yeni qərarına əsasən, miqrantlar bu ödənişləri yalnız Rusiya vətəndaşlığını aldıqdan 5 il sonra ala biləcəklər. Yeni qaydalar 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Bundan əvvəl uşaq müavinətinin alınması üçün əsas şərtlər ehtiyac meyarına uyğunluq, Rusiya vətəndaşlığının olması və ölkə ərazisində daimi yaşayış faktı idi. Lakin indi bu formul sərtləşdirilib. Yeni qaydaya görə, şəxs Rusiya vətəndaşı statusunda ölkə ərazisində ən azı 5 il daimi yaşamalıdır.
Bununla belə, bəzi kateqoriyalar üçün istisnalar saxlanılıb. Beşillik müddət doğumla vətəndaşlıq alanlara və ya tanınma proseduru ilə Rusiya vətəndaşı olanlara şamil edilməyəcək. Bu istisnanın xüsusilə Donbas və “Novorossiya” sakinlərinə aid olduğu bildirilir.
Bundan başqa, soydaşların köçürülməsi proqramının iştirakçıları, xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilər və onların ailə üzvləri də yeni məhdudiyyətdən kənarda qalacaqlar.






















