Rusiyadan Azərbaycana qarşı qərar

  Şimal qonşu ölkəmizdən yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb və bunu NATO ilə bəhanə gətirir; Bakı-Moskva arasında indi də logistika böhranı?

Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb. Rusiya Dəmir Yolları bildirib

ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək

təxminən 13 gün ərzində təyinat yerinə çatıb. “Yeni Müsavat” xəbər verir ki, qatar İrana getmək üçün Rusiya, Qazaxıstan və

Türkmənistandan keçib. Aprin şəhəri istiqamətində qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir. Mütəxəssislər növbəti

üç ildə marşrut boyunca illik yük daşımalarının 15-20% artacağını və ixracatçıların nəqliyyat xərclərinin 10-15% azalacağını

proqnozlaşdırırlar.

Qeyd edilir ki, daşınan malların çeşidinin genişləndirilməsi tez xarab olan və yüksək texnologiyalı yüklərin daxil edilməsinə imkan

verəcək. Aprin limanına daşınan yüklər daha sonra ya Çinə, ya da cənuba, İranın Bəndər Abbas limanına, oradan isə Hindistana

göndərilir. Beləliklə, quru-dəniz marşrutunun tam logistika dövrü Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizinin şərq qolu

vasitəsilə Rusiya-Hindistan dəhlizi üzərindən həyata keçirilir.

Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya buraya investisiya qoyurdu. Rusiya

bunu Bakının NATO da daxil olmaqla, Qərb strukturlarına yönəlməsi ilə izah edir. Bildirilir ki, Rusiya məhz buna görə

Azərbaycandan imtina edərək Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə yük daşımalarına başlayıb. Sirr deyil ki, zəngin enerji

resurslarından tutmuş müasir, döyüş qabiliyyətli orduya, eləcə də çoxvektorlu xarici siyasətə qadir Azərbaycan NATO-nun “cənub

cinahında” mərkəzi aktora çevrilib. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” kimi proqramları çərçivəsində dialoqu davam

etdirir. 

Ötən həftə Prezident İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan,

Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-

dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı

daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb. Prezident

İlham Əliyev Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı

vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub. Prezident İlham Əliyev

Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı – torpaqlarımızın işğaldan

azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək. 

Rusiyanın şübhələrinə baxmayaraq, Bakının NATO-ya qoşulmaq kimi məqsədi yoxdur. Azərbaycan üçün önəmli olan öz təhlükəsizliyini təmin edən ordusunun olması və müttəfiqləridir. 

Bəs Rusiyanın bu qərarının Azərbaycana hansı təsirləri ola bilər? İki ölkə arasında indi də iqtisadi münasibətlərdə gərginlik başlayırmı? Moskva Bakıya təzyiq göstərməklə nəyə nail olmaq istəyir? 

Sualları cavablandıran professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın bu davranışı anlaşılmazdır: “Çünki Azərbaycan

yüklərin daşınması üçün ən uyğun istiqamətdir. Üstəlik, 2028-ci ildən Azərbaycan üzərindən 5 milyon ton yük daşınması nəzərdə

tutulub. Bu hədəf olduğu halda Rusiyanın yenə yersiz bəhanələr gətirməsi qəbuledilməzdir. Azərbaycan Rusiya ilə münasibətlərin

gərgin dövründə belə ticarət dövriyyəsində, yükdaşımalarda fasilə verməyib. Üstəgəl, sanksiyalar altında olan Rusiyanın Şimal-

Cənub dəhlizinə böyük ehtiyacı var. Ancaq onun Azərbaycan hissəsindən imtina növbəti dəfə əlaqələrə mənfi təsir edəcək. Yəni bu

dəfə artıq siyasi böhran deyil, iqtisadi və logistika əlaqələrində problem yaranır. Təbii ki, bu qərar Azərbaycana da gəlirlər cəhətdən

mənfi təsirini göstərir. Lakin Rusiya Azərbaycanı itirmək istəyirsə, onun seçimidir. Fakt budur ki, bizim Şimali Atlantika Alyansına üzvlük niyyətimiz yoxdur və belə “izah”lar uğursuzdur”.

Q.Hüseynli NATO ilə əməkdaşlığın inkişafını isə Azərbaycanın suveren haqqı olduğunu düşünür və bunun Rusiyaya təhlükə

yaratmadığını hesab edir: “Alyansla 30 ildən çoxdur ki, əməkdaşlığımız var. Yeri gəlmişkən, Bakıda rus və NATO generallarının

görüşünə də ev sahibliyi etmişik. Azərbaycan isə bu blokla əməkdaşlıq etsə də, Qoşulmama Hərəkatına üzvdür. O deməkdir ki,

hərbi bloklara qoşulmaq istəmirik və neytrallığımızı qoruyuruq. Zənnimcə, Rusiyanın hərbi blokla əlaqələrimizi bəhanə gətirib

logistika sahəsində addımlar atması Azərbaycana təzyiq məqsədi daşıyır. Buna da bizdən heyif çıxmaq cəhdi demək olar. Halbuki

Rusiya taxılı Azərbaycandan keçərək Ermənistana daşınır. Moskva bunu görməzdən gələrək öz aləmində bizi guya cəzalandırır”. 

Analitikin fikrincə, Rusiyanın Azərbaycan-NATO əlaqələrinin acığına  Şimal-Cənub nəqliyyat dəhlizinin şərq qolunu seçməsi özünə

də fayda gətirmir: “Ən azından ona görə ki, məsafə uzanır. Belə demək mümkünsə, daşıma xərcləri artır, malın dəyərinə təsir edir.

İndi bu nə hikkədir?! Məncə, Rusiya dəhlizin qərb qolundan daşımaları bərpa edəcək. Sadəcə, müvəqqəti təzyiq cəhdidir. Nəzərə

alaq ki, Zəngəzur dəhlizi var və Rusiya bu yoldan da pay istəyir. O zaman indi özünü yaxşı aparmalıdır ki, belə bir iqtisadi

dividentdən məhrum olmasın. Mənə elə gəlir ki, burada Rusiyanın qısqanclığı da var. Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti

artmaqdadır. Və bizim müstəqil qərarlarımız, müxtəlif layihələrdə iştirakımız onun xoşuna gəlmir. Ancaq Rusiya anlamalıdır ki,

Azərbaycan və Türkiyəsiz ona çox çətin olacaq”. 

Qeyd edək ki, 2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə 12 il əvvəl Azərbaycan da qoşulub. Ölkəmiz

İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini

büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq

göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa

çatdırıb. İqtisadçıların fikrincə, ölkəmiz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3

milyard dollara yaxın vəsait əldə edə bilər./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki