“Ermənistanın təhsil sistemindəki vəziyyət acınacaqlıdır”.
Referans Media xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Erməni dili tarixi kafedrasının dosenti Narine Dilbəryan deyib.
O, PISA 2025 beynəlxalq qiymətləndirməsinin nəticələrinin Ermənistanın gələcəyi üçün dəhşətli olduğunu deyib:
“PISA proqramının nəticələri Ermənistanın təhsil sistemində ciddi problemlərin mövcudluğunu göstərir. Sözügedən beynəlxalq qiymətləndirmə 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə biliklərini real həyatda tətbiq etmək bacarıqlarını ölçür.
Ermənistanlı 15 yaşlı şagirdlərin yalnız 19 faizi oxu üzrə PISA-nın müəyyən etdiyi minimum bacarıq səviyyəsinə çatıb. Riyaziyyatda bu göstərici 28 faiz, təbiət elmlərində isə 26 faiz təşkil edib. Üç əsas istiqamətin hamısında Ermənistan Gürcüstan və Azərbaycandan geri qalır. Xüsusilə oxu bacarığında fərq daha böyükdür: Ermənistanda minimum səviyyəyə çatanların payı 19 faiz olduğu halda, Gürcüstanda bu göstərici 39, Azərbaycanda isə 35 faizdir.
Ölkədə maliyyələşmənin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, təhsil nəticələri gözlənilən səviyyəyə yüksəlməyib. Bu, ölkənin gələcəyi üçün dəhşətli nəticələrə səbəb ola bilər”.
Qeyd edək ki, bir qədər əvvəl PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib. Paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib./Globalinfo.az/
