Seldən zərər görmüş ev sahiblərinə MÜJDƏ: Kimlər kompensasiya ala biləcək?

Son günlər aramsız yağan yağışlar şəhərdə bir sıra fəsadlara səbəb olub. Bəs zərərçəkən vətəndaşların evləri ilə bağlı hansı addımlar atılacaq?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yağış və sel nəticəsində zərər görmüş vətəndaşlara kompensasiya əsasən dövlət büdcəsi hesabına ödənilir. Onun sözlərinə görə, bu prosesdə əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üçün ayrılan vəsaitlər də istifadə oluna bilər. Həmçinin yerli icra hakimiyyətlərinin müəyyən ehtiyat fondları da bu məqsədlə cəlb edilir.

Ekspert qeyd edib ki, kompensasiya verilməzdən əvvəl zərər mütləq qiymətləndirilməlidir. Bu proses adətən xüsusi komissiyalar tərəfindən həyata keçirilir. Həmin komissiyalarda yerli icra hakimiyyətləri, aidiyyəti dövlət qurumları və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak edir və qərarlar bu əsasda qəbul olunur.

Vüqar Oruc vurğulayıb ki, qiymətləndirmə işlərinin daha obyektiv olması üçün bu prosesin müstəqil qiymətləndirici təşkilatlar tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. “Burada dövlət kompensasiya ödəyən, vətəndaş isə zərər görən tərəfdir. Obyektivliyin təmin olunması üçün üçüncü tərəfin – yəni qiymətləndirici şirkətlərin iştirakı vacibdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, zərərin həcmi müəyyən edildikdən sonra kompensasiya müxtəlif formalarda təqdim oluna bilər. Bu, birbaşa maddi yardım, evlərin təmiri və ya yenidən tikilməsi şəklində həyata keçirilə bilər. Bəzi hallarda vətəndaşlara pul deyil, konkret xidmət formasında dəstək göstərilir.

Ekspert əlavə edib ki, beynəlxalq təcrübədə bu kimi hallarda əsas mexanizm əmlak sığortasıdır. Lakin Azərbaycanda əmlak sığortası kifayət qədər inkişaf etmədiyindən bu model geniş tətbiq olunmur. Bunun əsas səbəblərindən biri də bəzi evlərin sənədləşməməsi və reyestrdə qeydiyyatda olmamasıdır ki, bu da kompensasiyanın hesablanmasını çətinləşdirir.

Vüqar Oruc hesab edir ki, sığorta sisteminin təkmilləşdirilməsi və vətəndaşların əmlak sığortasına təşviq edilməsi gələcəkdə bu kimi problemlərin həllində daha effektiv rol oynaya bilər.

Sonda o bildirib ki, hazırda dövlət bu sahədə sosial və humanist yanaşma nümayiş etdirir və zərərçəkənləri diqqətdən kənarda qoymur. Lakin prosesin daha effektiv olması üçün bütün mexanizmlərin qanunvericiliyə uyğun və şəffaf şəkildə həyata keçirilməsi vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki