İsrail ordusu Livanın cənubunda həyata keçirdiyi əməliyyatları davam etdirərkən, diqqətini simvolik əhəmiyyətə malik Bint Cubeyl şəhərinə yönəldib.
Referans Media xəbər verir ki, İsrail qüvvələri bölgədə hərbi və psixoloji üstünlük əldə etməyə çalışır.
Bint Cubeyl Livanda İsrailə qarşı müqavimətin başladığı və 2000-ci ildən sonra dirənişin mərkəzi kimi tanınan yaşayış məntəqəsi hesab olunur. Təxminən 30 min əhalisi olan şəhər həm tarixi, həm də siyasi baxımdan xüsusi önəm daşıyır.
Beynəlxalq mənbələrə istinadən bildirilir ki, İsrail ordusu bölgədə əməliyyatlarını genişləndirərkən, mülki infrastruktura zərər dəydiyi barədə iddialar da gündəmdədir. BMT və UNIFIL kimi qurumlar isə vəziyyəti yaxından izləyir.
İsrail tərəfi şəhərin “hərbi baxımdan strateji əhəmiyyət daşıdığını” iddia etsə də, müxtəlif analitiklər Bint Cubeylə yönələn hücumların daha çox simvolik və psixoloji təsir məqsədi daşıdığını bildirir.
Bölgədə gərginlik davam edir və vəziyyətin yaxın günlərdə daha da kəskinləşə biləcəyi ehtimal olunur.























