Bir vaxtlar gündəmin mərkəzində olan, parlamentdə çıxışları ilə seçilən, siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslər zamanla siyasət səhnəsindən uzaqlaşıblar. Bəziləri başqa sahələrə yönəlib, bəziləri isə siyasi fəaliyyətini tamamilə dayandırıb. Bəs vaxtilə Azərbaycan siyasətində mühüm rol oynamış həmin şəxslər indi haradadırlar?
Referans Media xəbər verir ki, modern.az saytının “Siyasətdən gedənlər” rubrikasında bir vaxtlar aktiv siyasi fəaliyyət göstərmiş şəxslərin siyasi yolu, siyasətdən getmə səbəbləri və sonrakı fəaliyyətləri barədə yazırıq.
Bu dəfə söhbət vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyində təmsil olunmuş I çağırış Milli Məclisin deputatı Nazim İmanovdan gedir.
Bir vaxtlar onun adı mətbuatda tez-tez hallanırdı. Xüsusilə 1990-cı illərin sonlarından 2000-ci illərin əvvəllərinə qədər Nazim İmanov həm siyasətçi, həm politoloq, həm də iqtisadçı kimi medianın diqqətində olub. O, parlamentin ən fəal deputatlarından biri olmaqla yanaşı, jurnalistlərlə açıq münasibəti ilə də seçilib.
Bu il iyunun 11-də Nazim İmanovun 71 yaşı tamam olub.
Əslən Füzuli rayonundan olan Nazim Müzəffər oğlu İmanov 11 iyun 1955-ci ildə Bakıda doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə isə Moskvada İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professordur.
N.İmanov əmək fəaliyyətinə iqtisadiyyat sahəsində başlayıb. Müxtəlif illərdə Dövlət Plan Komitəsi yanında İqtisadiyyat İnstitutunda, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Ali Partiya Məktəbində və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda çalışıb. Sonuncuda professor və elmi işlər üzrə prorektor vəzifələrini tutub.
AMİP-də Etibar Məmmədovun əsas silahdaşı
Nazim İmanov Azərbaycanın müstəqillik dövrünün ilk siyasi təşkilatlarından olan AMİP-in yaradıcılarından biri hesab olunur. Uzun müddət partiyanın rəhbərliyində təmsil olunan İmanov həmin dövrdə sədr Etibar Məmmədovla birlikdə AMİP-in əsas simalarından biri idi.
Köhnə jurnalistlər yaxşı xatırlayarlar, onu əvvəllər İmanov, sonralar da Müzəffərli soyadları ilə tanımışıq.
Vaxtilə AMİP-in adı çəkiləndə göz önünə ilk gələn simalar sədr Etibar Məmmədov və sədr müavini Nazim İmanov olurdu.
Parlamentə seçildi, ən aktiv deputatlardan birinə çevrildi
1995-ci il parlament seçkilərində AMİP-in üç əsas siması – Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn Milli Məclisə mandat qazandı.
Nazim İmanov I çağırış Milli Məclisdə Büdcə məsələləri komissiyasının üzvü olub. İqtisadçı kimi bir sıra qanunların hazırlanması və təkmilləşdirilməsində iştirak edib. Bəzi qanunlar məhz onun irəli sürdüyü təkliflər əsasında təkmilləşdirilib.
İmanov parlament fəaliyyəti dövründə həm də mətbuata açıq deputatlardan biri kimi tanınıb. O, siyasi və iqtisadi məsələlərlə bağlı fikirlərini tez-tez mediada bölüşürdü.
Hətta deputat olduğu illərdə Milli Məclisdə baş verən maraqlı və məzəli hadisələri qələmə alaraq “Milli Məclisin ağlamalı gülməcələri” adlı kitabça da nəşr etdirib.
Nazim İmanov AMİP-ci olmasına baxmayaraq, o zaman üçün bütün siyasi təşkilatlarda, eləcə də hakim Yeni Azərbaycan Partiyasında hörmət edilən siyasətçilərdən sayılırdı. Yəni onun fikrini hamı qəbul edirdi.
AMİP-in süqutu və gözlənilməz istefa
2000-ci il parlament seçkiləri AMİP üçün ciddi geriləmə ilə nəticələndi. Partiyanın nə sədri, nə də digər tanınmış simaları Milli Məclisə seçilə bildilər. Bundan sonra bir sıra tanınmış AMİP-çilər partiyadan ayrıldılar.
Nazim İmanov isə bir müddət daha partiyada qaldı. O, AMİP-də digər siyasi qüvvələrlə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi tanınırdı. Xüsusilə Etibar Məmmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında siyasi dialoqun qurulması və qarşılıqlı güzəştlərin əldə olunması istiqamətində çıxışlar edirdi.
2003-cü il prezident seçkilərində Etibar Məmmədovun uğursuzluğu və onun ardınca AMİP sədrliyindən istefası partiyada yeni mərhələnin başlanmasına səbəb oldu.
Həmin vaxt diqqətlər Nazim İmanova yönəldi. Çünki çoxları onun AMİP-in yeni sədri olacağını düşünürdü.
Amma İmanov gözlənilməz qərar verdi.
2004-cü ilin fevralında AMİP Siyasi Şurasının toplantısında istefa verdiyini açıqladı.
Beləliklə, uzun illər fəaliyyət göstərdiyi partiyanı tərk etdi.
Sonuncu cəhd – 2005-ci il seçkiləri
Nazim İmanov siyasətdən birdəfəlik çəkilməzdən əvvəl daha bir dəfə parlament seçkilərində iştirak etdi.
2005-ci il parlament seçkilərində o, müstəqil namizəd kimi Yasamal rayonundakı 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürdü. Maraqlıdır ki, həmin dairədə onun rəqibləri arasında keçmiş sədri – hələ də AMİP-in fəxri lideri olan Etibar Məmmədov və BDU-nun rektoru Abel Məhərrəmov da vardı.
Amma həmin seçkilərdə müstəqil namizəd olan Nazim İmanov deputat mandatı qazana bilmədi. Bu dairənin qalibi BDU-nun rektoru Abel Məhərrəmov elan edildi.
Bu seçkidən sonra onun siyasi karyerasında faktiki olaraq son nöqtə qoyuldu.
Siyasətdən getdiyini elan etdi
2005-ci il seçkisindən sonra Nazim İmanov siyasətlə bağlı mövqeyini açıq şəkildə ortaya qoydu. Başqa sözlə, o, siyasətdən getdi.
“Mən 15 il fəal şəkildə siyasətlə məşğul oldum. Fikrimcə, hamı mənim necə siyasətçi olduğuma bələddir. Amma artıq iqtisadçı-alim kimi fəaliyyət göstərməyimi daha məqsədəuyğun hesab edirəm”, – deyə o, seçkidən sonra mətbuata açıqlamasında bildirmişdi.
İmanov bununla da siyasi fəaliyyətə qayıtmaq niyyətində olmadığını bəyan etmişdi.
"Bir daha qeyd edirəm ki, Nazim İmanov bundan sonra heç bir siyası fəaliyyətlə məşğul olmayacaq. Bu isə o deməkdir ki, hətta müstəqil şəxs kimi də hər hansı siyasi blokda təmsil olunmağım mümkün deyil", - sabiq deputat o zamankı açıqlamasında vurğulamışdı.
Həmin açıqlamadan sonra mətbuatla əlqələrini kəsən Nazim İmanov uzun müddət kölgəyə çəkildi. Kölgəyə çəkildi deyəndə ki, o, elmi və iqtisadçı fəaliyyətini müxtəlif təşkilatlarda davam etdirirdi, amma jurnalistlərlə təmasda olmaqdan qaçırdı.
Yeri gəlmişkən Nazim müəllim bir vaxtlar “Jurnalistlərin dostu” seçilmişdi. Belə ki, 1998-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsi KİV-lə isti münasibətlərinə görə Nazim İmanovu “Jurnalistlərin dostu” elan etmiş, ona xüsusi mükafat vermişdi.
Uzun müddət mediadan uzaqlaşması onun fəaliyyətini dayandırması anlamına gəlmirdi.
Əksinə, siyasətdən getdikdən sonra əsas diqqətini elmə, iqtisadiyyata və təhsilə yönəltdi.
Siyasətdən sonra elmə qayıtdı
Nazim İmanov müxtəlif elmi və iqtisadi qurumlarda fəaliyyətini davam etdirdi. 2005-2015-ci illərdə “Qafqaz və Qloballaşma” elmi məcmuəsinin baş redaktoru, 2007-2014-cü illərdə Azərbaycan Banklar Assosiasiyasında müşavir kimi çalışıb.
2014-cü ilin mayında AMEA Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olunması onun yenidən ictimaiyyətin diqqətinə gəlməsinə səbəb oldu.
Bununla belə, İmanov mətbuatla əvvəlki qədər sıx əlaqə saxlamırdı. Hətta təyinatından sonra Modern.az-a qısa açıqlamasında özü barədə mediada məlumatların yayılmasını istəmədiyini bildirmişdi.
Onun adı sonrakı illərdə daha çox iqtisadçı alim kimi hallanmağa başladı. Professor İmanov 100-dən artıq elmi əsərin müəllifidir.
Bu gün o, elmi fəaliyyəti ilə yanaşı, iqtisadi məsələlərlə bağlı ara-sıra televiziya efirlərində də çıxış edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı və bərpası ilə bağlı mövzularda ekspert kimi fikirlərini bölüşüb.
İmanov həmçinin AMEA İqtisadiyyat İnstitutunda nəşr olunan “Elmi əsərlər” jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Beləliklə, bir vaxtlar Etibar Məmmədovdan sonra AMİP-in sədrliyinə əsas namizədlərdən biri hesab olunan, Milli Məclisdə aktiv deputat kimi tanınan Nazim İmanov 2004-cü ildə partiyadan, 2005-ci ildə isə seçkidən sonra siyasətdən uzaqlaşdı.
O, siyasi karyerasını davam etdirməyin yerinə yenidən elmə qayıtdı və sonrakı illərdə daha çox professor, iqtisadçı və elmi idarəçi kimi tanındı.
