Prezident İlham Əliyev Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi ilə bağlı mühüm mesajlar verib.
Prezident avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi uzun illər ərzində əsas prioritetlərdən biri olub. Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlər görülüb, müasir hərbi texnika və yeni komando qüvvələri yaradılıb.
İlham Əliyev Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa coğrafi bağlantısının olmamasını da xüsusi amil kimi qeyd edib. Prezidentin sözlərinə görə, məhz bu xüsusiyyət muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərilməsini zəruri edir.
Dövlət başçısı Azərbaycanın Silahlı Qüvvələrinin bölgədə güclü mövqeyə malik olduğunu vurğulayıb və Naxçıvanda hərbi imkanların bundan sonra da artırılacağını açıqlayıb. Prezidentin açıqlaması Naxçıvanın təhlükəsizlik məsələsinin yalnız hərbi hazırlıqla məhdudlaşmadığını da göstərir. Müsahibədə enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və xüsusilə Zəngəzur dəhlizi ilə bağlı layihələrin Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacağı bildirilib.
Bu baxımdan Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi ilə bölgənin nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi paralel proses kimi diqqət çəkir. Dövlət başçısı Naxçıvanın gələcəkdə mühüm nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini və region üçün strateji əhəmiyyətinin daha da artacağını bildirib.
Prezidentin Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bəyan etməsi bölgənin təhlükəsizlik arxitekturasında hansı dəyişikliklərə səbəb ola bilər? Zəngəzur dəhlizinin açılması perspektivi fonunda Naxçıvanın hərbi-strateji əhəmiyyəti necə dəyişəcək?
“Prezidentin Naxçıvanda olmasıının başlıca məqsədi bu regionunun təhlükəsizliyini gücləndirmək idi”.
Referans Media-ın məlumatına görə, Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib.
Analitikin sözlərinə görə, İlham Əliyevin Naxçıvanın təhlükəsizliyi strategiyası 4 əsas prinsipə söykənir – fiziki təhlükəsizlik, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və məşğulluq potensialının artırılması. “Prezident bu 4 prinsip üzərində durdu və Naxçıvanda aparılmasını planlaşdırdığı bu 4 istiqaməti birbaşa təhlükəsizlik məsələləri ilə əlaqələndirdi. Naxçıvanın fiziki təhlükəsizliyi deyəndə İlham Əliyev Muxtar Respublikanın müdafiəsini nəzərdə tutur. Naxçıvanda onun sərəncamı ilə 13 il əvvəl Əlahiddə Ordu yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olan bu əlahiddə ordu ən müasir silahlarla təchiz edilmiş və istənilən istiqamətdən gələ biləcək hücumlara qarşı Naxçıvanı qorumaq qabiliyyətinə malikdir.
Prezidentin bu sözlərini II Qarabağ döyüşlərində Naxçıvan Əlahiddə ordusunun göstərdiyi şücaətlər də təsdiqləyir. Məlum olduğu kimi, Naxçıvan komando birlikləri müharibənin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib və Şuşaya ilk girən əsgərlərimizdən olublar. II Qarabağ döyüşlərində yüzlərlə şəhid verən Naxçıvan Əlahiddə ordusunun xidmətləri bununla da yekunlaşmır. Müharibədən 2 il əvvəl keçirdiyi Günnüt əməliyyatı ilə faktiki Ermənistandan Qarabağa gedən yolları tam nəzarət altına alan Naxçıvan hərbçiləri əllərindəki hərbi texnikalarla düşmən qoşunlarının dislokasiyasını barədə kəşfiyyat məlumatlarını mərkəzə ötürür və onların zərərsizləşdirilməsində mühüm rol oynayırdılar. Qısası, II Qarabağ qələbəsinin qazanılmasında Naxçıvan Əlahiddə ordusunun əvəzedilməz xidmətləri var və xidmətlər Muxtar Respublikanın etibarlı müdafiəsinin təmin olunduğuna dair fikirləri təsdiqləyir”,-deyə H.Oğuz belə qiymətləndirib.
Onun fikrincə, Naxçıvanın müdafiəsi strategiyasının ən mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır: “Soyuq qış aylarında burada yaşaya bilmək üçün mütləq enerji təchizatına xüsusi diqqət yetirmək tələb olunur. İlham Əliyevin bildirdiyinə görə, Naxçıvan qaz və elektiriklə 100% təmin olunub və hətta burada əldə edilən izafi elektirik enerjisi Türkiyə və İrana satılır. Naxçıvanda qurulması planlaşdırılan günəş panelləri sayəsində istehsal olunan elektirik enerjisinin gələcəkdə Avropaya və hətta Ermənistana satılması da nəzərdə tutulur. Sözsüz ki, təhlükəsizliyin ən vacib komponentlərindən biri də qida təchizatı ilə bağlıdır. II Dünya müharibəsi dövründə Səməd Vurğunun yazdığı məşhur bir misra var: “Çörək bol olarsa, basılmaz vətən!”
Qida təhlükəsizliyinin bədii ifadəsi hesab etdiyim bu misra Naxçıvanın müdafiəsində mütləq nəzərə alınmalıdır. Məlum olduğu kimi, ümumi ərazisi təxminən 550 min hektar olan Naxçıvan Muxtar Respublikasının torpağının hardasa 30%-i kənd təsərrüfatı üçün yararlı hesab olunur. Onun isə cəmi 3-də biri, yəni ümumi ərazinin hardasa 10%-i əkinə yararlıdır. Ərazisinin 67%-dən çoxu dağlardan, qayalardan ibarət olan Naxçıvan hər yaz-yay aylarında su qıtlığı yaşayır. Havalar istiləşən kimi Naxçıvan kəndlilərinin su problemləri də başlayır. Qədim dövrlərdən indiyədək Naxçıvan əhalisi bu problemi süni göllər, su anbarları yaradaraq çözməyə çalışıb. Bundan əlavə, kəhrizlər vasitəsilə yeraltı sulardan da bol istifadə olunub. Naxçıvanda insanların məskunluq imkanlarını artırmaq üçün dövlət bəzi mühüm tədbirlər həyata keçirməlidir. Artezian quyularının qazılması, Araz çayının suyundan istifadə, yağış sularının toplanması və kimi s. meliorasiya tədbirləri Azərbaycan hökumətinin qarşısında dayanan mühüm məsələlərdəndir”.
Ekspertin sözlərinə görə, Naxçıvanın təhlükəsizliyini digər komponentlərindən biri də məşğulluq problemi ilə bağlıdır: “Çünki insanları bir ərazidə tutmaq üçün onların işlə təmin olunması lazımdır. Əks halda işsizlik-aşsızlıq böyük köçlərə səbəb olar və dövlətin müdafiə gücü zəifləyər. Sevindirici haldır ki, İlham Əliyevin rəhbərlik etdiyi komanda bu problemin fərqindədir və Naxçıvanda məşğulluq imkanlarını artırmağa çalışır. Muxtar Respublikada Sumqayıtdan sonra ikinci ən böyük Sənaye Parkının yaradılması proqramı də yəqin ki, bu strategiya ilə birbaşa bağlıdır.
Heydər Oğuzun fikrincə, Prezidentin Naxçıvanla Qarabağı, Şərqi Zəngəzuru vahid bir məkan kimi görməsi də təqdirəlayiqdir.
