Son vaxtlar sosial şəbəkələrdə müxtəlif dərman preparatları və qida əlavələrinin reklamları geniş yayılıb. Bəzi reklamlarda həmin vasitələrin həkim müayinəsi və ya məsləhəti olmadan qəbul edilə biləcəyi vurğulanır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür reklamlara aldanaraq dərmanların özbaşına qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər. Məsələ qanunvericilik baxımından dəqiqləşdirilməlidir. Əgər Azərbaycan qanunvericiliyi belə reklamların yayımlanmasına icazə vermirsə, o zaman haqlı sual yaranır: bu reklamlar niyə televiziya kanallarında və digər platformalarda yayımlanır?
Media məkanında, xüsusilə yerli televiziya kanallarında və sosial şəbəkələrin Azərbaycan seqmentində bioloji aktiv qida əlavələrinin (BAQA) və reseptsiz buraxılan bəzi preparatların aqressiv şəkildə reklam edilməsi cəmiyyətin sağlamlığını hər saniyə təhdid edən qlobal bir problemə çevrilib. Reklam çarxlarında bu vasitələrin tibbi möcüzə kimi təqdim olunması, insanları həkim müayinəsindən yayınmağa və özünümüalicəyə sövq edir. Mövcud qanunvericilik repressiv və qadağandici mexanizmlərə sahib olsa da, şirkətlərin hüquqi boşluqlardan istifadə edərək bu məhsulları "dərman" deyil, sadəcə "qida əlavəsi" adı altında hər kəsə sırıması ciddi narahatlıq doğurur.
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, televiziyalarda və internet platformalarında gedən nəzarətsiz dərman və qida əlavəsi reklamları birbaşa əhalinin genofonduna vurulan ağır zərbədir və dərhal dayandırılmalıdır: "Azərbaycan Respublikasının 'Reklam haqqında' qanununa görə, reseptlə satılan dərmanların reklamı qəti qadağandır. Reseptsiz satılanların reklamına isə yalnız Səhiyyə Nazirliyinin rəsmi icazəsi və xüsusi ekspertizasından sonra icazə verilə bilər. Lakin bu gün efirləri bürüyən o reklamların əksəriyyəti bioloji aktiv qida əlavələridir. Şirkətlər qanundakı boşluqdan istifadə edirlər; bu maddələr Səhiyyə Nazirliyində deyil, Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsulu kimi qeydiyyatdan keçir, amma efirdə və sosial şəbəkədə xəstəliklərin dərmanı kimi reklam olunur. İnsanlar efirə baxıb elə bilirlər ki, bu qida əlavəsi onun qaraciyərini, böyrəyini təmizləyəcək, ürəyinə xeyir edəcək. Həkim məsləhəti olmadan, kor-koranə qəbul edilən bu maddələr orqanizmdə kəskin allergik reaksiyalara, qaraciyər çatışmazlığına və daxili orqanların fəaliyyətinin tamamilə dayanmasına yol açır".
Professorun sözlərinə görə, qanunların kağız üzərində qalmaması üçün teleradio məkanına nəzarət edən qurumlar və hüquq-mühafizə orqanları kommersiya maraqlarını kənara qoyaraq ən sərt cəza tədbirlərinə əl atmalıdırlar: "Televiziya kanalları reytinq və reklam gəliri xatirinə vətəndaşların həyatını riskə atmamalıdır. Əgər bir məhsulun reklamında onun müalicəvi əhəmiyyətindən danışılırsa, amma sənəddə o sadəcə qida əlavəsidirsə, bu, birbaşa istehlakçıların aldadılmasıdır və cinayət məsuliyyəti yaradır. Audiovizual Şura və antiinhisar qurumları bu məsələdə kəskin mövqe nümayiş etdirməlidir. Vətəndaşlarımıza da səslənirəm ki, televiziyada gördükləri heç bir 'sehrli' çaya, həbə, arıqlama və ya gümrahlaşma vasitəsinə inanmasınlar. Həkim tərəfindən fərdi laborator analizlər əsasında təyin olunmayan hər bir preperat bədənə daxil olan bir zəhərdir. Dövlət səviyyəsində bu reklam şəbəkəsinə qarşı monitorinqlər gücləndirilməli və qanunsuz reklam yayımlayan platformalara kəskin sanksiyalar tətbiq edilməlidir".
