Komediyaçı Deniz Göktaş tərəfindən "YouTube" platformasında yayımlanan “Ölü Deniz” adlı stand-up şousu geniş müzakirələrə səbəb olub. Şouda dini dəyərlərlə bağlı zarafatların yer aldığı iddiası bəzi dairələrdə sərt reaksiyalar doğurub.
Referans Media xəbər verir ki, sosial mediada artan tənqidlərdən sonra komediyaçı haqqında “xaricə qaçdı” iddiaları yayılıb. Lakin Göktaş bu iddialara dərhal cavab verərək, ölkədən qaçmadığını bildirib.
O, paylaşımında tur və montaj işlərini bitirdikdən sonra dostlarının yanına qısa müddətli tətilə getdiyini, 22 iyunda isə ödənişli hərbi xidmət ödənişini etdiyini qeyd edib. Komediyaçı ölkədə qalacağını və lazım olarsa ilk reyslə geri dönəcəyini vurğulayıb.
Digər tərəfdən, bəzi siyasi və ictimai şəxslər də şouya reaksiya verib. BBP sədri Mustafa Destici çıxışında dini dəyərlərlə bağlı zarafatların yolverilməz olduğunu bildirib və hüquqi addımların atılacağını açıqlayıb.
Hadisə sosial mediada geniş rezonans doğurub və müzakirələr davam edir.
