ABŞ prezidenti Donald Tramp dünya bazarında neft və yanacaq qiymətlərinin sürətlə ucuzlaşdığını açıqlayıb.
Referans Media Musavat.com-a isdinadən xəbər verir ki, Tramp özünün "Truth Social" hesabında paylaşdığı məlumatda yüngül neftin bir barelinin qiymətinin 69 dollara qədər endiyini bildirib.
Onun sözlərinə görə, bu göstərici hətta İranın nüvə proqramının məhdudlaşdırılması prosesinə başlanılmazdan əvvəlki səviyyədən də aşağıdır. ABŞ lideri benzinin qiymətində də ciddi eniş müşahidə olunduğunu vurğulayıb. Tramp pərakəndə satış bazarında qiymətlərlə bağlı süni manipulyasiya və ya sui-istifadə halları olacağı təqdirdə vətəndaşları bu barədə dərhal məlumat verməyə çağırıb.
Neftin qiymətinin ucuzlaşması dünya enerji bazarına necə təsir göstərəcək? Benzinin qiymətindəki eniş istehlakçılar üçün uzunmüddətli olacaqmı? Trampın bu açıqlaması qlobal enerji siyasətində yeni mərhələnin başlanğıcı sayıla bilərmi?
İqtisadçı ekspert Dünya Sakit Musavat.com-da diqqətə çatdırdı ki, dünya neft bazarında qiymətlər ABŞ-İran müharibəsindən əvvəlki həddə hələ qayıtmayıb: "Hazırda Brent etalon markalı neft 72-73 dollar, WTI neftinin qiyməti isə 70-71 dollar ətrafında dəyişir. Bu, münaqişənin başlandığı ərəfədəki qiymətlərdən, xüsusilə də yanvar qiymətindən bir qədər yüksəkdir.
Hazırda neft qiymətlərinə həm artırıcı, həm də azaldıcı təsir göstərən bir neçə amil var. Azaldıcı təsir göstərən əsas amil ara-sıra hava zərbələri mübadiləsinə baxmayaraq, ABŞ-la İran arasında gərginliyin böyük ölçüdə aradan qalxması, Hörmüz boğazında ticarətin 90 faizədək bərpası, ABŞ tərəfindən İran neftinə sanksiyaların avqusta qədər aradan qaldırılması, nəhayət, Birləşmiş Ərəb Əmirliklərinin OPEK və OPEK+ alyanslarından çıxmasıdır. Sonuncu iki amil qısa müddətdə bazara əlavə olaraq gündə 1 milyon barelə yaxın neftin daxil olmasına gətirib çıxaracaq. Eyni zamanda hasilat və ixracı sürətlə artıran İraq da OPEK və OPEK+-dan çıxmaqla hədələyir. Bu ölkə öz hasilat kvotasının artırılmasını tələb edir. Bütün bunlara əlavə olaraq, münaqişə dövründə Yaxın Şərqdə böyük həcmdə neft ehtiyatının toplanması, həmin ehtiyatların Hörmüz açılan kimi bazara çıxarılmağa başlanması da qiymətlərə azaldıcı təsir göstərir. Enerji qiymətlərini daha sürətli enişdən qoruyan amillər isə Yaxın Şərqdə gərginliyin tam aradan qalxmaması, ABŞ-ın Rusiya neftinə sanksiyaların dondurulması müddətini uzatmaması, münaqişə dövründə strateji ehtiyatlardan daha çox istifadə olunması, nəhayət, dünyanın bir çox ərazilərində görünməmiş isti hava şəraitinin enerjiyə tələbatı artırmasıdır. Bu amillərin təsiri ilə Yaxın Şərqdə toplanan ehtiyatların bazara axması fonunda qiymətlər 70 dollardan yuxarıda qalır.
Əgər ABŞ-İran münaqişəsi yenidən hərbi əməliyyatlara keçməsə, mövcud qiymətlərin ən azı sentyabra qədər ciddi dəyişikliyə uğramayacağı gözlənilir. Daha optimist ssenaridə indiki qiymət cüzi dəyişikliklə 2026-cı ilin sonunadək davam edə bilər".
İqtisadçı ekspert hesab edir ki, bu ilin sonu, 2027-ci ilin əvvəlindən qiymətlərin daha aşağı düşməsi gözlənilir: " Buna dünyada neftə tələbatın təklifdən daha aşağı sürətlə artması səbəb olacaq. ABŞ özü dünyanın ən böyük neft ixracatçısı olsa da, bu ölkədə benzin qiymətlərini bazar formalaşdırır. Yəni qlobal neft qiymətləri artırsa, ABŞ-da benzin də bahalaşır. Son vaxtlar Tramp administrasiyası benzin qiymətlərinin azalma tempinin dünya bazarında neftin uzuzlaşması tempindən geri qaldığını, daha dəqiq ifadə etsək, benzinin neft qədər ucuzlaşmadığını xüsusi qeyd edir. Tramp ötən həftə ABŞ-ın əsas benzin istehsalçıları olan iri şirkətlərin benzinlə bağlı süni qiymət artımına getdiklərinə dair şübhələrini açıqlayıb, həmin şirkətlərlə bağlı araşdırma başlandığını elan edib. Noyabrda gözlənilən ara seçkilərə görə Trampın rəhbərliyində respublikaçılar ölkədə benzin qiymətlərinin sürətli ucuzlaşmasında maraqlıdılar. Lakin ABŞ-da benzin-yanacaq qiymətlərini bazar formalaşdırır və siyasi hakimiyyətin ona inzibati təsir imkanları yoxdur. Bu baxımdan, real iqtisadi əsas yaranmayacağı təqdirdə qiymətlərin daha sürətli düşməsi də mümkün olmayacaq".
