Türkiyəli müğənni İbrahim Tatlısesə qarşı 2011-ci ildə törədilən silahlı hücumun təşkilində təqsirli bilinərək həbs olunan Abdullah Uçmak müvəqqəti olaraq həbsxanadan çıxarılıb.
Referans Media xəbər verir ki, Uçmak yaxınlarından birinin dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən müvəqqəti icazə alıb.
Məlumata görə, o, Adananın Kozan rayonunda vəfat edən qohumu Bilal Bayrakçının dəfn mərasimində iştirak edib.
Uçmakın mərasim zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında olduğu görüntülənib. Dəfn mərasimindən sonra onun yenidən həbsxanaya qayıtdığı bildirilib.
Xatırladaq ki, Uçmak 2026-cı ilin yanvarında da Tekirdağ həbsxanasından müvəqqəti icazə ilə çıxaraq Kadirli şəhərində yaxınlarından birinin dəfn mərasimində iştirak etmişdi.
Qeyd edək ki, İbrahim Tatlıses 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücumla bağlı aparılan məhkəmə prosesində Abdullah Uçmak hadisənin təşkilatçısı olmaqda təqsirli bilinərək həbs edilib və sonradan məhkum olunub./axsam.az/
