Türkiyə Super Liqasında ilk mövsümündə diqqətçəkən nəticələr göstərən "Amedspor" uğurlu çıxışının maliyyə qarşılığını da almağa başlayıb.
"Beşiktaş" üzərində qələbədən sonra liderlik pilləsinə yüksələn Diyarbəkir təmsilçisinin mövsümün ilk 6 turundakı nəticələrinə görə təxminən 39,2 milyon türk lirəsi performans gəliri əldə etməsi gözlənilir.
2026/27 mövsümündə Super Liqanın yayım gəlirlərinin 9 milyard lirəni keçəcəyi gözlənilir. Müxtəlif tutulmalar çıxıldıqdan sonra klublar arasında bölüşdürüləcək məbləğin təxminən 6,5 milyard lirə olacağı proqnozlaşdırılır. Mövcud bölgü modelinə əsasən, gəlirin 48 faizi klublar arasında bərabər şəkildə paylanacaq. Daha 46 faiz mövsüm ərzində göstərilən performansa əsasən, 6 faiz isə mövsümü ilk 6 pillədə başa vuran komandalara veriləcək. Bu hesablama əsasında Super Liqadakı 18 klubun hər birinin təxminən 174,5 milyon lirə iştirak payı alması gözlənilir.
Performansa əsaslanan gəlirlərdə qələbələr mühüm paya malikdir. “Amida Haber”in hesablamalarına görə, Super Liqada əldə edilən hər qələbə kluba təxminən 9,8 milyon lirə gəlir qazandırır. Heç-heçə halında isə bu məbləğ iki komanda arasında bölüşdürülür. "Amedspor" çempionatın ilk 6 turunda 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Bu nəticələr əsasında milli fasiləyə lider kimi daxil olan Diyarbəkir təmsilçisinin yalnız qələbələrdən təxminən 39,2 milyon lirə performans gəliri əldə etdiyi hesablanıb.
Mövsümün sonunda ilk 6 pillədə qərarlaşan komandalara əlavə sıralama mükafatı da veriləcək. Bölgü planına əsasən, çempion olan komanda 126 milyon lirə, ikinci yerin sahibi 101 milyon, üçüncü 76 milyon, dördüncü 51 milyon, beşinci 26 milyon, altıncı pillədə qərarlaşan klub isə 13 milyon lirə əlavə gəlir əldə edəcək. "Amedspor"un mövsümün qalan hissəsində göstərəcəyi nəticələr klubun yekun yayım gəlirinin məbləğinə də birbaşa təsir göstərəcək.
