Yəmənin “Ənsarullah” hərəkatı islam ölkələrinə Yəmən xalqına qarşı mümkün təcavüzdə iştirak etməmələri barədə xəbərdarlıq edib və hər hansı düşmənçilik əməllərinə sərt cavab verməyə hazır olduqlarını bəyan edib.
Referans Media xəbər verir ki, husilərin media komitəsinin rəhbər müavini Nəsrəddin Amer İran televiziyasına müsahibəsində 12 illik münaqişə ərzində Yəmən xalqının ağır sınaqlar və blokada ilə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, Yəmənə qarşı təzyiqlərdə iştirak etmək heç bir müsəlman dövlətinə xeyir gətirməyəcək.
Hərəkatın nümayəndəsi qeyd edib ki, yəmənlilərin mövqeyi son dərəcə qətiyyətlidir: onlar hər hansı təcavüz aktına qarşı durmağa hazırdırlar və "hər bir iştirakçı qaçılmaz olaraq məğlubiyyətə məhkumdur".
Amer əlavə edib ki, regiondan artıq bəzi ölkələrin belə qarşıdurmaya qoşulmaq istəmədiyinə dair siqnallar gəlir: "Düşünmürəm ki, onlar o qədər axmaq hərəkətə əl atsınlar".
Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə birgə müdafiə haqqında Məkkə sazişi imzalayıblar. Bu razılaşmaya əsasən, ölkələrdən birinə edilən silahlı hücum hamısına qarşı hücum kimi qiymətləndirilir və tərəflər kollektiv təhlükəsizlik prinsipini qəbul ediblər./Nocomment.az/
