Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri paytaxt İrəvan şəhərinin səmasında intensiv uçuşlar reallaşdırmağa başlayıb.
Referans Media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinə yaxın hərbi mənbələrin yaydığı məlumata görə, "Su-25" (Sukhoi) tipli hücum təyyarələri İrəvan üzərində xüsusi parad məşqləri keçirir. Şəhər sakinləri qırıcıların alçaqdan uçuşlar nümayiş etdirdiyini və müxtəlif manevrlər icra etdiyini bildiriblər.
Hərbi ekspertlərin rəyinə görə, rəsmi İrəvan son illərdə sıradan çıxan və köhnələn aviasiya parkını bərpa etmək, eləcə də Rusiya ilə imzalanmış modernizasiya müqavilələri çərçivəsində yenilənən "Su-25" reaktiv təyyarələrinin döyüş hazırlığını nümayiş etdirmək məqsədilə bu cür təlim-məşq uçuşlarına üstünlük verir. Məşqlərin yaxın günlərdə keçirilməsi planlaşdırılan hərbi-tarixi tədbirlər və ya dövlət əhəmiyyətli parad proqramı çərçivəsində təşkil olunduğu bildirilir.
Uçuşların paytaxtın mərkəzi hissələri də daxil olmaqla, ətraf hərbi aerodrom zonalarında bir neçə gün ərzində davam edəcəyi gözlənilir.
