Rusiyanın Krasnodar diyarı aprelin 28-nə keçən gecə növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Referans Media xəbər verir ki, əsas hədəflər Tuapse Neft Emalı Zavodu (NEZ) və dəniz terminalı olub.
Yerli sakinlərin verdiyi məlumata görə, gecə saat ikidən sonra şəhərdə ondan çox partlayış səsi eşidilib, səmada parıltılar və hava hücumundan müdafiə sistemlərinin izləri görünüb.
Hücum nəticəsində zavodun ərazisindəki rezervuar parkına zərbələr endirildiyi və iki çənin alışdığı bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində Krasnodar, Gelencik və Soçi hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.
Hadisə yerindən yayılan görüntülərdə liman və zavod ərazisində güclü yanğının başladığı əks olunub.
Qeyd edək ki, bu, Tuapse obyektlərinə edilən ilk hücum deyil. Əvvəlki zərbələrdən sonra ərazidə neft sızması baş verib, yerli sakinlər ekoloji fəsadlardan şikayətləniblər. Krasnodar diyarının operativ qərargahı hücumu təsdiqləsə də, ilkin məlumatlara görə xəsarət alanın olmadığını bildirib./Musavat.com























