Azərbaycanda noyabr ayının ilk günlərində bəzi bölgələrdə qar yağması və havanın temperaturunun aşağı düşməsi qışın erkən gələcəyi ilə bağlı müzakirələrə səbəb olub. Paytaxt Bakıda da son günlər havanın kəskin soyumasından sonra qar yağıb-yağmayacağı maraq doğurur.
Ekoloq Qorxmaz İbrahimli Referans Media-ya açıqlamasında bildirib ki, oktyabrın sonu və noyabrın əvvəllərində Azərbaycanın bəzi ərazilərində qar yağması qeyri-adi hadisə deyil. Onun sözlərinə görə, hazırkı hava şəraiti yaxın günlərdə Bakıda qar yağacağını göstərmir.
“Oktyabrın sonu və noyabrın əvvəlində qar yağması normaldır”
Ekspert qeyd edib ki, Azərbaycanın yerləşdiyi mülayim subtropik iqlim qurşağında bu dövrdə qar yağıntısı müşahidə oluna bilər:
“Noyabr ayının bu günlərində, hətta oktyabr ayının sonlarında da Azərbaycanın yerləşdiyi mülayim subtropik qurşaqda qar yağıntısı gözləniləndir. Zaman-zaman oktyabrın sonlarından, noyabrın əvvəllərində, ayın ilk ongünlüyündə belə hadisələr çox qeydə alınıb. Ona görə də bundan narahat olmağa dəyməz. Bunu iqlim dəyişiklikləri ilə əlaqələndirməyin və ya başqa səbəblərə yozmağın mənası yoxdur. Bu, əvvəllər də müşahidə olunan təbii hadisədir”.
“Bakıda qar yağması mümkündür, amma yaxın günlərdə gözlənilmir”
Qorxmaz İbrahimli paytaxtda havanın soyumasının təbii olduğunu, lakin hazırkı meteoroloji şəraitdə qar ehtimalının görünmədiyini bildirib: “Bakı şəhərində qarın yağıb-yağmamasına gəlincə, havanın temperaturu dünən 7 dərəcəyə qədər enmişdi, daha da aşağı düşə bilər. Bakının elə bir xüsusiyyəti yoxdur ki, burada hava heç vaxt soyumasın. Soyuq hava kütlələri daxil olanda Bakını da əhatə edir və burada da belə hadisələr baş verə bilər. Amma hazırkı hava gedişatı və hava şərtləri bunu ehtiva etmir. Bakıda qar yağmayacaq, bundan narahat olmayın. Yaxın günlərdə paytaxtda qar yağacağını düşünmürəm. Hazırkı hava şəraiti bunu göstərmir. Havanın temperaturu müsbət 10 dərəcədən yuxarıdır və belə şəraitdə qar yağması gözlənilmir”.
“Hündürmərtəbəli binalarda qar görüntüsü normaldır”
Ekspert son günlər bəzi hündürmərtəbəli binaların sakinlərinin qar gördüklərini bildirməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, yüksəkliklərdə və yer səthində temperatur fərqi ilə bağlı ola bilər: “Son günlər yağan yağış fonunda bəzən hündürmərtəbəli binaların sakinləri qar yağdığını da görüblər. Bu, normaldır. Yuxarıdan aşağıya doğru gəldikcə havanın temperaturu artmağa başlayır, yəni soyuqdan istiyə doğru dəyişir. Belə halları yüksək binalarda müşahidə etmək mümkündür”.
“Dağlıq və dağətəyi ərazilərdə qar yağması təbiidir”
Qorxmaz İbrahimli əlavə edib ki, ölkənin hava şəraitini yalnız Bakı ilə qiymətləndirmək düzgün deyil. Dağlıq və dağətəyi ərazilərdə qar yağması mövsüm üçün xarakterik hadisədir: “Ölkənin havası, şəraiti və təbiəti təkcə Bakıdan ibarət deyil. Bölgələrimizdə qar yağıb və dağlıq, dağətəyi ərazilərdə bunun baş verməsi normaldır. Dağlarımızdan gələn soyuq hava kütlələri Bakıya da təsir göstərib”.
Beləliklə, ekspertin fikrincə, bölgələrdə müşahidə olunan qar yağıntısı mövsümi hava dəyişikliklərinin bir hissəsidir. Paytaxtda isə temperaturun aşağı düşməsinə baxmayaraq, yaxın günlər üçün qar yağacağına dair əlamət yoxdur.
