ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı keçirilən görüşdə Tayvan məsələsi yenidən dünya gündəminin mərkəzinə çevrilib.
Referans Media xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Donald Trampla görüşdə Tayvan probleminin Çin-ABŞ münasibətlərində ən həssas məsələ olduğunu bildirib.
Çin dövlət televiziyası CCTV-nin yaydığı məlumata görə, Si Cinpin Tayvan məsələsinin yanlış idarə olunacağı halda iki ölkə arasında ciddi qarşıdurma yarana biləcəyi barədə xəbərdarlıq edib.
Çin lideri bildirib ki, Tayvan problemi düzgün həll edilməsə, bu vəziyyət Çin və ABŞ münasibətlərini təhlükəli mərhələyə sürükləyə bilər:
“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən mühüm məsələdir. Yanlış yanaşma iki ölkəni qarşıdurmaya, hətta münaqişəyə aparıb çıxara bilər”.
Məlumata görə, görüşdə ABŞ-ın Tayvana silah dəstəyi məsələsi də müzakirə olunub. Pekin administrasiyası Vaşinqtonun Tayvana hərbi dəstəyindən ciddi narahatlığını ifadə edib.
Xatırladaq ki, ABŞ administrasiyası 2025-ci ilin dekabrında Tayvanla 11 milyard dollarlıq silah müqaviləsi imzaladığını açıqlamışdı. Bu qərar Çin tərəfindən sərt etirazla qarşılanmışdı.
Bununla yanaşı, ABŞ Konqresində bir qrup senator Donald Trampa müraciət edərək Tayvana dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Senatorlar Vaşinqtonun bu məsələdə geri addım atmamasını istəyiblər.
Donald Tramp isə daha əvvəl verdiyi açıqlamada Si Cinpinin Tayvanı Çinin ayrılmaz hissəsi hesab etdiyini bildirərək, “Nə qərar verəcəyini Si özü müəyyən edəcək” demişdi.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisi sayır və adanın gələcəkdə Pekinin nəzarətinə qayıtmalı olduğunu bildirir. Tayvan isə faktiki olaraq müstəqil idarəetmə sisteminə malikdir və ABŞ başda olmaqla bir sıra Qərb ölkələrinin dəstəyini alır.
