ABŞ və İsrailin İranla qarşıdurması 13-cü günündə davam edir. ABŞ Prezidenti Donald Tramp İranı açıq şəkildə xəbərdar edib: “Elektrik infrastrukturunu vurmaq imkanımız var. İranın elektrik sistemini bir saat ərzində məhv edə bilərik və onu yenidən qurmaq üçün 25 il lazım olacaq.”
Referans Media xəbər verir ki, Tramp, İranın donanması, hava qüvvələri və nəzarət sistemlərinin olmadığını qeyd edərək, ABŞ qüvvələrinin İran üzərində tam sərbəst hərəkət etdiyini bildirib.
28 fevraldan etibarən başlayan ABŞ və İsrail əməliyyatlarında 1348 nəfər həlak olub, 17 mindən çox şəxs yaralanıb. Tramp əməliyyatların sürətlə və effektiv aparıldığını, düşmənin gözləmədiyi güclü zərbələr alaraq geri çəkildiyini vurğulayıb.
Tramp, Kentukkidəki mitinqdə bildirib: “Nə vaxt dayanacağıq? Bunun yenidən böyüməsinə imkan vermək istəmirik. İdeal olaraq, orada nə etdiyini bilən birini görmək istərdik. Başqa sözlə, ölkə qura bilən birini. Başqa bir şey də var. Tehranın bəzi hissələrini və digər yerləri vura bilərik. Bunu etsək, ölkələrini yenidən qurmaları demək olar ki, mümkünsüz olardı. Amma biz bunu etmək istəmirik. Amma onların elektrik infrastrukturunu vura bilərik. İranın elektrik gücünü bir saata məhv edə bilərik və onu yenidən qurmaq üçün 25 il lazım olardı. Ona görə də, ideal olaraq, bunu etməyəcəyik.”
Prezident həmçinin İranın güclü bir orduya sahib olduğunu, amma ABŞ ordusunun gözlənilmədən sərt zərbələr endirdiyini vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ ordusu İranın bir sıra hərbi obyektlərini tamamilə məhv edib: “58 gəmisini, donanmalarını və mina döşəyicilərini məhv etdik. Bu işi düzgün bitirməliyik ki, 2 ildən bir geri dönməyək.”
Tramp həmçinin artan benzin qiymətlərinin tezliklə düşəcəyini və xalqın bu mövzuda ona güvənə biləcəyini qeyd edib.























