Donald Trampın Çin səfərindən sonra İrana qarşı yeni hərbi addımlar ata biləcəyi iddiası beynəlxalq gündəmi hərəkətə gətirib. ABŞ mediasında yayılan məlumatlara görə, Vaşinqton administrasiyası hazırda iki əsas ssenarini müzakirə edir.
Referans Media xəbər verir ki, ABŞ rəhbərliyinin gündəmində olan variantlardan biri Hörmüz boğazında “Azadlıq Layihəsi” adlı əməliyyatın yenidən başladılmasıdır.
Məlumata görə, plan çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə müdaxilə edərək gəmi hərəkətini tam nəzarətə götürməsi nəzərdən keçirilir. Vaxtilə Tramp tərəfindən qısa müddətlik başladılan əməliyyat İranla aparılan danışıqlarda irəliləyiş əldə olunduğu səbəbilə dayandırılmışdı.
İkinci ssenari isə İranın infrastruktur obyektlərinə qarşı yeni bombardman kampaniyasının həyata keçirilməsidir. ABŞ mediası yazır ki, Tramp son həftələrdə İranın nüvə proqramı ilə bağlı sərt mesajlar verib və geri addım atılmayacağı halda hərbi müdaxilə variantını açıq saxlayıb.
İddialara görə, İranın son dövrlərdə Hörmüz boğazında hərbi mövcudluğunu artırması və bəzi gəmilərə keçid şərtləri tətbiq etməsi Vaşinqtonda ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı Israel də yüksək hazırlıq vəziyyətinə keçib. ABŞ mediasında yer alan xəbərlərə əsasən, İsrail rəhbərliyi Trampın Çin səfərindən sonra İrana qarşı mümkün əməliyyat ehtimalını nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib.
İddialarda qeyd olunur ki, mümkün hərbi əməliyyatlar Tel Aviv ilə koordinasiyalı şəkildə həyata keçirilə bilər. İsrail ordusunun həftəsonu boyunca yüksək döyüş hazırlığında olacağı bildirilir.
Dünya neft ticarətinin böyük hissəsinin keçdiyi Hörmüz boğazı son həftələrdə qlobal gərginliyin əsas mərkəzlərindən birinə çevrilib. ABŞ və müttəfiqləri boğazın açıq saxlanmasının qlobal enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıdığını bildirir.
ABŞ prezidenti Donald Trump ilə Çin lideri Si Cinpin arasında keçirilən görüşdə də Hörmüz boğazı və İran məsələsinin müzakirə olunduğu açıqlanıb. Ağ Ev iki liderin boğazın açıq qalması məsələsində ortaq mövqe nümayiş etdirdiyini bildirib.
