Məşhur aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Sənətçinin ölüm səbəbi aparılacaq yarılmadan sonra müəyyənləşəcək.
Referans Media xəbər verir ki, aktyor Serhat Kılıç evində nəfəs darlığı yaşayıb. O, vəziyyəti barədə təcili tibbi yardım əməkdaşlarına məlumat verib. Məlumat daxil olduqdan sonra aktyorun Kağıthanedəki evinə tibbi yardım briqadası göndərilib.
Evə gələn tibbi yardım əməkdaşları Kılıçın həyatını itirdiyini müəyyənləşdiriblər. Məşhur aktyorun ölümü ilə bağlı araşdırmaya başlanıb.
Gözlənilmədən həyatını itirən Kılıçın ölümü ailəsini və yaxınlarını kədərə boğub. Onun ölüm səbəbi aparılacaq yarılmanın nəticəsindən sonra məlum olacaq.
Serhat Mustafa Kılıç kimdir?
1975-ci ildə anadan olan Serhat Mustafa Kılıç uzun illər kino, teatr və televiziya sahəsində fəaliyyət göstərən aktyorlardan biri olub. Karyerası ərzində çoxsaylı serial, film və teatr tamaşalarında rol alan Kılıç müxtəlif obrazlarla geniş tamaşaçı auditoriyasının qarşısına çıxıb.
O, TRT 1 kanalında yayımlanan "Seksenler" serialında canlandırdığı Ergün Plak obrazı ilə geniş kütləyə tanınıb.
Sevilən aktyor daha sonra "Teşkilat" serialının aktyor heyətində də yer alıb. Teatr səhnəsindəki fəaliyyəti ilə də diqqət çəkən Serhat Mustafa Kılıç aktyorluq karyerası ərzində həm televiziya, həm də kinoda müxtəlif obrazları canlandırıb.
