Türk dünyası Şuşada bir araya gəldi

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçirilir.

Referans Media  xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, eləcə də Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan gələn nümayəndə heyətlərini Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın Zəfər rəmzi olan Şuşada salamlayıb.

"Şuşa həm də mənim doğma evim, uşaqlıq xatirələrimin yurdudur. Bu gün qardaşlarımı öz evimizdə, Qarabağda qarşılamaq mənə xüsusi qürur hissi yaşadır", – deyə Komitə sədri bildirib.

Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu ilk görüş TDT çərçivəsində dini məsələlər üzrə məsul dövlət qurumlarının ilk çoxtərəfli platformasıdır və gələcək strateji əməkdaşlığın möhkəm təməlini formalaşdıracaq.

Komitə sədri bildirib ki, Türk Dövlətləri Təşkilatı bu gün regional sabitlik və qlobal sülhün təminində mühüm rol oynayan nüfuzlu geosiyasi güc mərkəzinə çevrilib. Onun sözlərinə görə, təşkilatın inkişafında TDT Katibliyinin və Baş katib Kubanıçbek Ömüralıyevin çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm xidmətləri var.

R.Məmmədov qeyd edib ki, Türk dünyasının inteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biridir. O xatırladıb ki, dövlət başçısının "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır" bəyanatı ortaq mənəvi dəyərlər əsasında birliyin möhkəmləndirilməsini nəzərdə tutur.

Komitə sədri çıxışında müasir dövrdə anti-İslam meyllərinin və yeni ideoloji təhdidlərin artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, İslamı terrorla eyniləşdirməyə çalışan dairələrə qarşı beynəlxalq müstəvidə ən prinsipial mövqe nümayiş etdirən ölkələrdən biri Azərbaycandır.

Ramin Məmmədov bildirib ki, TDT çərçivəsində Müsəlman Dini İdarələri Rəhbərlərinin Şurası artıq uğurla fəaliyyət göstərsə də, Şuşada təməli qoyulan yeni platforma dövlətlərarası səviyyədə hüquqi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun potensialından istifadə edilməsinin, TDT ölkələrinin dini təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə elmi araşdırmaların və akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini və mədəni irsə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq müstəvidə ifşası, tarixi abidələrin qorunması və bərpası istiqamətində əməkdaşlıq da platformanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Ramin Məmmədovun sözlərinə görə, yeni əməkdaşlıq formatı radikalizmə, xarici ideoloji müdaxilələrə və cəmiyyətlərin milli-mənəvi dəyərlərinə yönələn təhdidlərə qarşı ortaq mövqenin formalaşdırılmasına xidmət edəcək.

Sonda Komitə sədri əminliyini ifadə edib ki, Şuşada əsası qoyulan platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini sahəyə məsul dövlət qurumlarını ortaq məqsədlər ətrafında daha da yaxınlaşdıracaq və Türk dünyasının mənəvi birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki