Məlumat verdiyimiz kimi, məktəb müəllimləri üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
Bəs ali təhsil müəssisələrində çalışan müəllimlər üçün də vahid formanın müəyyən edilməsinə ehtiyac varmı?
Referans MEDİA-nın xəbərinə görə, Redaktor.az-a danışan Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli bildirdi ki, təhsil sistemində əsas müzakirə mövzusu tədrisin keyfiyyəti, müəllim hazırlığı, müasir təlim metodlarının tətbiqi və təhsilin məzmununun inkişafı olmalıdır:
"Şübhəsiz ki, təhsil işçilərinin geyimi, xarici görünüşü və peşəkar imici də vacib məsələlərdəndir. Təbii ki, müəllim hər zaman səliqəli, nümunəvi və peşəsinə uyğun görünməlidir. Müəllim cəmiyyət üçün nümunə olan bir şəxsdir və onun xarici görünüşü də peşə etikası ilə uyğunluq təşkil etməlidir. Vahid geyim müəllim peşəsinin nüfuzunun artırılmasına, peşəkar görünüşün formalaşmasına və təhsil müəssisəsində korporativ mədəniyyətin güclənməsinə xidmət edə bilər. Lakin bununla yanaşı, vahid forma məsələsinə yalnız inzibati tələb kimi deyil, həm də müəllimlərin fərdi rahatlığı, milli-mədəni xüsusiyyətlər və iş şəraiti nəzərə alınmaqla yanaşmaq lazımdır. Forma ciddi məcburiyyət xarakteri daşımamalı, daha çox ümumi peşəkar geyim standartları şəklində tənzimlənməlidir. Müxtəlif yaş qruplarına, iqlim şəraitinə və fərdi xüsusiyyətlərə uyğun alternativlərin olması vacibdir".
Müsahibimiz ali təhsil müəssisələrində də vahid geyim olma ehtimalından danışdı:
"Ali təhsil müəssisələrinə gəldikdə isə mən burada məktəblərdə olduğu kimi sərt və tam vahid formanın tətbiqini zəruri hesab etmirəm. Universitet mühiti daha çox akademik azadlıq, fərdi düşüncə və elmi yaradıcılıq üzərində qurulub. Ali məktəb müəllimləri müxtəlif elmi tədbirlərdə, beynəlxalq konfranslarda və akademik platformalarda ölkəni və universiteti təmsil etdiklərindən onların peşəkar və səliqəli görünüşü vacibdir. Lakin bu məqsədə çatmaq üçün mütləq vahid forma deyil, akademik etikaya uyğun geyim mədəniyyətinin formalaşdırılması daha məqsədəuyğun görünür"
V.Ağabəyli düşünür ki, həm məktəblərdə, həm də universitetlərdə əsas məqsəd müəllimin geyiminin deyil, onun peşəkarlığının, biliyinin və cəmiyyətə verdiyi töhfənin ön plana çıxarılması olmalıdır:
"Geyim standartları bu peşəkarlığı tamamlayan amil kimi çıxış edə bilər, lakin onun əsas göstəricisi hesab olunmamalıdır. Bizim üçün vacib olan məqam, təhsilin gələcəyini müəyyən edən əsas amil müəllimin geyimi deyil, onun biliyi, peşəkarlığı, pedaqoji bacarıqları və şagirdlərə qazandırdığı kompetensiyalardır. Bu gün dünyada uğurlu təhsil sistemləri ilk növbədə tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin davamlı peşəkar inkişafına, rəqəmsal bacarıqların artırılmasına və innovativ tədris mühitinin yaradılmasına üstünlük verirlər. Vahid forma məsələsi müəyyən təşkilati və estetik üstünlüklər yarada bilər. Ancaq hesab edirəm ki, təhsil ictimaiyyəti olaraq diqqətimizi daha çox tədrisin məzmununa, elmi potensialın gücləndirilməsinə, müəllim nüfuzunun yüksəldilməsinə və təhsil nəticələrinin yaxşılaşdırılmasına yönəltməliyik. Çünki təhsildə uğuru müəyyən edən əsas göstərici müəllimin necə geyinməsi deyil, necə öyrətməsi və hansı nəticələri əldə etməsidir".
