Trampdan Avropaya şok 350 milyardlıq tələb: "Baydenin verdiyi silahların pulunu ödəyin"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropa ölkələri Co Bayden administrasiyasının dövründə Ukraynaya hərbi yardım silsiləsindən ayrılmış 350 milyard dolları Vaşinqtona geri ödəməlidir.

Referans MEDİA xəbər verir ki, Vaşinqton yaxınlığındakı Endryus hərbi hava bazasında çıxış edən ABŞ lideri keçən həftəsonu Parisdə avropalı liderlərlə keçirdiyi görüş zamanı bu məsələni şəxsən qaldırdığını bildirib. Tramp çıxışında Co Baydenin Ukraynaya külli miqdarda resurs və hərbi texnika ötürdüyünü vurğulayaraq, "Biz sizə, bir anlıq düşünün, 350 milyard dollar dəyərində təyyarələr, hər növ silahlar və digər vasitələr verdik. Bunun əvəzini mütləq avropalılar ödəməlidir", – deyə qeyd edib.

Trampın sözlərinə görə, Bayden administrasiyası Avropadan heç bir kompensasiya tələb etmədiyi halda, ABŞ-ın maraqları naminə bu vəsait ittifaq tərəfindən qarşılanmalı idi. ABŞ Prezidenti avropalı liderlərdən indiyədək niyə ödəniş etmədiklərini soruşduqda isə onlardan "Ser, indiyə qədər bizdən bunu heç kim xahiş etməmişdi" cavabını aldığını vurğulayıb. Ağ Ev rəhbəri artıq vəziyyətin dəyişdiyini və tətbiq edilən yeni sxemlərə əsasən Avropanın silah tədarükü üçün pul ödəməyə başladığını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki