2026-cı il FİFA Dünya Kubokunda Qana-Panama matçı zamanı tribunada qanalı bir şəxsin cadu etdiyi iddia olunan görüntülər sosial şəbəkələrdə və dünya mediasında geniş müzakirə olunur. Qananın artırılan dəqiqələrdə – 90+5-ci dəqiqədə qələbə qolunu vurması isə bu iddiaları daha da gündəmə gətirib.
Bəs doğrudanmı futbolda cadu nəticəyə təsir göstərə bilər?
Referans MEDİA-nın xəbərinə görə, Globalinfo.az-a danışan kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib ki, göydə uçan durnaların qatarını yerdə oxunan ovsunla pozmaq olur:
“Hətta bölgələrimizdə inanc var ki, ayaqqabıları cütləyib altlarını yuxarı qoyanda durna qatarı dağılır. Dədə-babadan kənd təsərrüfatı ilə məşğul olan adamların heyvanları itən zaman ovsunçuya qurdun ağzını bağladardılar. Yəni ovsunçu bıçağı oxuyub üfləyərdi ki, canavarın ağzı bağlansın və ovu uğursuz olsun”.
Ekstrasens bildirib ki, bu kimi xalq inancları havadan alınmayıb və bir kökü var:
“Quran da bunu təsdiq edir. O kitaba da müsəlman olan şəxsin şübhəsi olmamalıdır. Futbol komandası adətən çox zaman öncədən satın alınır və qalib tərəf müəyyənləşdirilir. Ancaq gerçəkdən də oyun gedərsə, istənilən tərəfi cadu və ovsun ilə məğlub etmək mümkündür”.
