"Reuters" agentliyinin dərc etdiyi analitik materialda bildirilir ki, ABŞ və İran arasında müharibəyə son qoyulmasını nəzərdə tutan potensial saziş və sanksiyaların yumşaldılması reallıqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərini daha da gücləndirə bilər.
Referans MEDİA xəbər verir ki, Qərb dövlətlərinin terror təşkilatı kimi tanıdığı bu elit hərbi birləşmə illərdir tətbiq edilən beynəlxalq sanksiyaların kölgəsində böyük bir kommersiya və biznes imperiyası qurmağa nail olub. SEPAH hazırda İran iqtisadiyyatının neft ixracından tutmuş tikinti, gəmiçilik, telekommunikasiya, avtomobil sənayesi və logistikaya qədər ən strateji sektorlarına birbaşa nəzarət edir. İqtisadi ekspertlər və mətbuata danışan yüksəksəviyyəli iranlı mənbələr qeyd edirlər ki, saziş çərçivəsində sanksiyaların ləğv edilməsi, dondurulmuş aktivlərin sərbəst buraxılması və ölkəyə xarici investisiya axınının başlaması ilk növbədə SEPAH-a bağlı strukturların maliyyə imkanlarını görünməmiş dərəcədə genişləndirəcək.
Xüsusilə, korpusun mühəndislik qolu olan "Xatəm əl-Ənbiyə" konqlomeratının yüzlərlə yerli şirkəti idarə etdiyi və İran qanunvericiliyinə görə xarici investorların yerli tərəfdaşlarla işləmək məcburiyyətində olduğu vurğulanır. Bu durum SEPAH-ı İran bazarına daxil olmaq istəyən qlobal şirkətlər üçün əsas "qapı qoruyucusu" halına gətirir. Ekspertlərin fikrincə, ABŞ-ın tətbiq edəcəyi hər hansı iqtisadi güzəşt və neft satışı icazələri rəsmi Vaşinqton üçün böyük bir paradoks yaradaraq, onun regiondakı əsas hərbi rəqibini maliyyələşdirməsinə yol aça bilər./Musavat.com/
