Putin ölkəsinə yeni təhlükələrdən danışdı- Bakıdan reaksiya

Siyasi ekspert: “Rusiyanın təhlükəsizlik xəritəsində üç istiqamət getdikcə birləşir...”

“NATO Asiya-Sakit Okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır”.

TASS-ın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu bildirib. Onun sözlərinə görə, gərginlik təkcə Asiya-Sakit Okean bölgəsində deyil, həm də qonşu Arktika bölgəsində artmaqdadır. Putin əlavə edib ki, Yaponiya Ukraynadakı münaqişənin səbəblərini araşdırmadan Rusiyaya qarşı səbəbsiz sanksiyalar tətbiq edib. "Rusiya Yaponiyanı təhdid etmir, Moskvanın Tokioya qarşı heç bir iddiası yoxdur. Yaponiyanın Kuril adaları ilə bağlı Rusiyaya qarşı iddiaları var. Rusiyanın Şinzo Abe və digər Yaponiya liderləri ilə konstruktiv münasibətləri olub, lakin indi Tokio mövqeyini dəyişib", - deyə Putin qeyd edib. O əlavə edib ki, bir neçə Qərb ölkəsinin hakimiyyəti dəniz qanunlarını pozaraq Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışır.

O, "Harada olmasından asılı olmayaraq, Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə eyni dərəcədə cavab verəcək",-deyib. Putin Qərbin Rusiya gəmilərini ələ keçirmək planlarını "dəniz quldurluğu və soyğunçuluq" adlandırıb.

Referans Media-ın məlumatına görə, siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a dedi ki, Putinin bu ritorikasının arxasında müəyyən real proseslər dayanır: “Belə ki, NATO Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiyanı Hind-Sakit okean regionundakı tərəfdaşları kimi qəbul edir və açıq şəkildə Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyinin bir-biri ilə əlaqəli olduğunu bildirir. Daha maraqlısı isə əməkdaşlığın artıq yalnız siyasi dialoq səviyyəsində qalmamasıdır. 2026-cı ilin mayında NATO-nun müdafiə sənayesi və innovasiya üzrə nümayəndəsi Yaponiyaya və Cənubi Koreyaya səfər edib. Tərəflər birgə istehsal, birgə silah hazırlanması, müdafiə texnologiyalarının inteqrasiyası və ümumi standartların tətbiqi məsələlərini müzakirə ediblər. NATO bunu daha güclü müdafiə-sənaye bazasının yaradılması məqsədi ilə əlaqələndirib. İyul ayında NATO baş katibi Mark Rutte Yaponiyanın müdafiə naziri Şinjiro Koizumini Brüsseldə qəbul edib. Görüşdə müdafiə sənayesi, Ukraynaya dəstək və Avro-Atlantik təhlükəsizliklə Hind-Sakit okean təhlükəsizliyi arasındakı əlaqə müzakirə olunub. Buna görə də Putinin “NATO Asiya-Sakit Okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır” ifadəsi siyasi baxımdan mübahisəli olsa da, onun istinad etdiyi proses tamamilə xəyali deyil. NATO Asiyada klassik mənada yeni üzvlük sistemi yaratmır, amma öz tərəfdaşları ilə hərbi-siyasi və müdafiə-sənaye əlaqələrini daha sıx inteqrasiya edir. Rusiyanı da ən çox narahat edən budur. Ümumiyyətlə Rusiya NATO-nun istənilən addımından narahatdır və onu özü üçün təhlükə hesab edir. Burada maraqlı cəhətlərdən biri kimi Yaponiya məsələsinin xüsusi qabardılmasını göstərmək olar”.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi onu da diqqətə çatdırdı ki, Putinin çıxışında Kuril adalarının xatırlanmasının başqa bir mühüm tərəfi də var:

“Məlumdur ki, Rusiya–Yaponiya münasibətlərində Kuril adaları məsələsi uzun illər diplomatik mübahisə olaraq qalsa da, indi onun hərbi-strateji əhəmiyyəti artır. Cənubi Kuril adaları həm Oxot dənizinə, həm də Sakit okeanın şimal hissəsinə çıxış baxımından Rusiyanın Sakit okean müdafiə sistemində əhəmiyyətli mövqeyə malikdir.

Bu səbəbdən Moskva Yaponiyanın ərazi iddialarını yalnız diplomatik problem kimi deyil, potensial hərbi-strateji risk kimi qiymətləndirir. Putinin çıxışının ən mühüm hissələrindən biri Asiya-Sakit okean regionu ilə Arktikanı eyni təhlükəsizlik çərçivəsində təqdim etməsidir. Şimal Dəniz Yolu Rusiya üçün sadəcə nəqliyyat marşrutu deyil. Bu marşrut Arktikada Rusiyanın iqtisadi, hərbi və geosiyasi mövqeyinin əsas dayaqlarından biridir. Moskva burada beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirsə də, marşrut üzərində nəzarətin zəifləməsinə yol vermək istəmir. Beləliklə, Rusiyanın təhlükəsizlik xəritəsində üç istiqamət Avropa, Arktika və Sakit okean hövzəsi getdikcə birləşir. Bu, Rusiyanın strateji planlaşdırması baxımından mühüm dəyişiklikdir. Ukrayna müharibəsi Rusiyanı Avropada Qərblə qarşıdurmaya sürüklədiyi halda, Moskva indi eyni qarşıdurmanın Arktika və Sakit okean istiqamətlərində də yeni formalar ala biləcəyini düşünür.

Putinin Sakit Okean Donanmasının təlimləri zamanı danışması da bu baxımdan simvolik deyil. Rusiya lideri eyni çıxışda donanmanın imkanlarının artırılması və regiondakı hərbi potensialının inkişaf etdirilməsi üçün yeni tapşırıqlar veriləcəyini bildirib. Yəni Moskvanın cavabı diplomatik etirazla məhdudlaşmır: Rusiya Sakit okean istiqamətində hərbi çəkisini artırmaq niyyətini nümayiş etdirir”.

Putin Avropa gəmilərini ələ keçirməklə hədələyir

Ekspert o fikirdədir ki, Rusiya Qərblə qarşıdurmanın artıq Avropa sərhədlərindən kənara çıxdığını və Sakit okean–Arktika xəttində yeni təhlükəsizlik reallığının yarandığını elan edir:

“Bu prosesin ən təhlükəli tərəfi isə onun qarşılıqlı məntiqidir: Rusiya NATO-nun Asiyaya yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid sayır; Asiya ölkələri isə Rusiyanın hərbi siyasətini öz tözlərinə təhlükə hesab etdiyi üçün NATO-ya yaxınlaşır. Beləliklə, bir tərəfin "müdafiə tədbiri" kimi gördüyü addım digər tərəfin gözündə "təhdid"ə çevrilir. Nəhayət, Putinin son bəyanatının ən ciddi nəticəsi budur: Ukrayna müharibəsi nə vaxtsa dayansa belə, Rusiya ilə Qərb arasındakı strateji qarşıdurmanın coğrafiyası artıq əvvəlki vəziyyətə qayıtmayacaq. Avropa cəbhəsinin yanında Sakit okean və Arktika istiqamətləri də uzunmüddətli rəqabət məkanına çevrilir. Rusiya Sakit Okean Donanmasını gücləndirməyə, NATO isə Yaponiya və digər Asiya tərəfdaşları ilə inteqrasiyanı dərinləşdirməyə çalışdıqca, dünyanın bu hissəsində yeni silahlanma və qarşılıqlı çəkindirmə dövrünün başlanması ehtimalı artır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki