Həbsdə olan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan və digərləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Referans Media xəbər ki, bu barədə erməni mediasına respublikanın Antikorrupsiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Eks-nazir Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsinin köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Cinayət işinin Antikorrupsiya Komitəsində aparılan istintaqı zamanı müəyyən edilib ki, David Tonoyan Ermənistanın müdafiə naziri vəzifəsini tutarkən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisinin köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bu da ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Xüsusilə müəyyən edilib ki, Tonoyan Müdafiə Nazirliyi ilə bağlanmış müqavilə üzrə çatdırılmalı olan 18 000 ədəd sərt ballistik əlavənin texniki xüsusiyyətlərə uyğun gəlməməsinə baxmayaraq, kifayət qədər əsaslar olmadan, texniki spesifikasiyada nəzərdə tutulan mal ilə faktiki çatdırılan malın dəyərindəki fərqin təchizatçı tərəfindən ödənilməsi və ya belə ödəniş üçün tədbirlər görülməsi olmadan tabe bölmələrin əməkdaşlarına razılıq verib və icazə verib ki, 20 iyul 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinə çatdırılmış yuxarıda qeyd olunan keyfiyyətsiz mal qəbul edilsin.
Keçmiş vəzifəli şəxsin cinayət əməli nəticəsində dövlətin qanuni maraqlarına mühüm zərər vurulub, bu da ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Xüsusilə Ermənistan Respublikasının Silahlı Qüvvələrinə müqavilənin texniki spesifikasiyasına uyğun gəlməyən 18 000 ədəd keyfiyyətsiz sərt ballistik əlavə çatdırılıb; nəticədə dövlətə xüsusilə külli miqdarda - 20 268 000 Ermənistan dramı məbləğində əmlak ziyanı vurulub. 18 aprel 2003-cü il tarixdə Tonoyana Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə, ona köməkçilik etmiş vəzifəli şəxsə isə həmin məcəllənin 38-ci maddəsinə istinadla 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq gedişində dövlətə vurulmuş 20 268 000 dram məbləğində ziyan tam ödənilib.
Cinayət işi üzrə ibtidai istintaq başa çatıb, iş materialları ittiham aktı ilə birlikdə Ermənistanın Antikorrupsiya Məhkəməsinə göndərilib. Qeyd edək ki, 2018-ci ilin 11 may tarixində baş nazir Nikol Paşinyanın əmri ilə müdafiə naziri vəzifəsinə təyin edilər Tonoyan 44 günlük müharibədə Azərbaycana biabırçı şəkildə məğlub olduqdan sonra, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi yazıb.
İşğal illərində dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən, işğalın davamı üçün cidd-cəhdlə çalışan Tonoyan vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib. Eks-nazir 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub./ Musavat.com/
