46 beynəlxalq və milli vətəndaş cəmiyyəti təşkilatı ATƏT-ə üzv dövlətlərə müraciət edərək Azərbaycanın 2027-ci ildə quruma sədrlik etməsinə imkan verilməməsini istəyib. “Human Rights House Foundation” təşkilatının noyabrın 23-də yaydığı birgə bəyanatda Azərbaycanın ATƏT-ə sədrlik etmək üçün uyğun tərəfdaş olmadığı iddia edilir. Müraciətin müəllifləri ölkəmizi təhlükəsizlik, ekologiya və insan hüquqları sahəsində etibarsız tərəfdaş kimi təqdim edərək hakimiyyətin siyasətini, siyasi məhbuslarla bağlı vəziyyəti, mediaya təzyiqləri, QHT-lərin fəaliyyətinə məhdudiyyətləri və vətəndaş cəmiyyətinin vəziyyətini tənqid ediblər.
Təşkilatlar, həmçinin Azərbaycanın Avropanın təhlükəsizliyinə dezinformasiya, korrupsiya, siyasi müdaxilə və transsərhəd təzyiqlər vasitəsilə təhdid yaratdığını iddia ediblər. Onların qənaətinə görə, Azərbaycan kimi dövlətin ATƏT-ə rəhbərlik etməsi təşkilatın nüfuzuna və etibarlılığına xələl gətirə bilər. Buna görə də 57 üzv dövlətə ölkəmizin namizədliyinin qarşısını almaq çağırışı ünvanlanıb.
Bəyanata imza atanlar arasında Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, Norveç, Bosniya və Herseqovina, Ermənistan və digər ölkələrdən təşkilatlar var. Diqqətçəkən məqam odur ki, imzaçılar sırasında Ermənistanın Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Azərbaycandan isə Azərbaycan Hüquq Müdafiə Mərkəzi və “Independent Lawyers Network” da yer alıb.
Xatırladaq ki, noyabrın 19-da Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında 2027–2029-cu illər üçün təşkilata sədrlik məsələsi müzakirə olunub. Həmin müzakirələrdə Azərbaycanla yanaşı, Ermənistan, Avstriya və Norveç də gələcək sədrlik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bildirib. Təşkilatın 2027-ci il üzrə sədrinin müəyyənləşdirilməsi üçün 57 üzv dövlətin konsensusu tələb olunur.
Məsələnin Azərbaycanın milli maraqları baxımından diqqətçəkən tərəfi ondan ibarətdir ki, ölkəmizin beynəlxalq təşkilata rəhbərlik etmək niyyəti suveren dövlətlərin qərarvermə səlahiyyətinə aid olan bir məsələdir. ATƏT sədrliyi ilə bağlı yekun qərarı ayrı-ayrı QHT-lər deyil, təşkilatın 57 üzv dövləti konsensus əsasında verməlidir. Vətəndaş cəmiyyəti institutlarının mövqelərini ifadə etmək hüququ olsa da, onların çağırışlarının üzv dövlətlərin müstəqil qərarvermə prosesinə təsiri ayrıca müzakirə mövzusudur. Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı, müstəqil xarici siyasəti və regional təhlükəsizlik məsələlərində oynadığı rol nəzərə alınmaqla, namizədliyə münasibətin konkret faktlar və obyektiv meyarlar əsasında formalaşması vacibdir.
“Bu müraciət üzv dövlətlərin hələ müzakirə etdiyi bir məsələ üzrə qərar ərəfəsində Azərbaycan dövləti əleyhinə neqativ atmosfer yaratmaq cəhdindən başqa bir şey deyil. Hər şeydən əvvəl xatırlamaq lazımdır ki, ATƏT-də sədrlik nə növbəlilik qaydasında avtomatik keçir, nə də səsvermə ilə müəyyənləşir – bu məsələ üzv dövlətlərin konsensusu ilə həll olunur. Yəni istənilən bir dövlət, istər böyük, istər kiçik olsun, namizədliyin qarşısını ala bilər”.
Referans Media xəbər verir ki, Hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, sədrlik ATƏT-in son illərdəki ən böyük problemlərindən biridir:
“Sədrlik çox vaxt təşkilatı idarə etmək imkanından çox, geosiyasi bazarlıq predmetinə çevrilir. Bunun yaxın tarixdə nümunəsi var. Rusiya 2024-cü il üçün Estoniyanın namizədliyini bloklayanda təşkilat sədrsiz qalmaq təhlükəsi ilə üzləşdi və son anda kompromis variant kimi Maltanın sədrliyi razılaşdırıldı. Bu baxımdan 2027–2029-cu illər üzrə sədrlik müzakirəsində bir neçə ölkənin, o cümlədən Azərbaycan, Ermənistan, Avstriya və Norveçin adının çəkilməsi adi diplomatik praktikadır. Yekun qərarı isə nə ayrı-ayrı dövlətlərin sədrliyə hazır olduqları barədə bəyanatları, nə də QHT-lərin müraciətləri deyil, 57 üzv dövlətin konsensusu müəyyən edəcək”.
Q.Əlibəyliyə görə, ATƏT-ə üzv dövlətlərin bir çoxunda, o cümlədən klassik demokratiya ölkələrində də insan hüquqları, miqrantlara münasibət və söz azadlığı ilə bağlı ciddi problemlər mövcuddur: “Amma heç kim bu ölkələrin sədrliyini bloklamaq üçün kampaniya aparmır.Vətəndaş cəmiyyəti təşkilatları ədalət və şəffaflıq tələb edirsə, eyni tələbi öz fəaliyyətlərinə, maliyyə mənbələrinə və seçici yanaşmalarına da şamil etməlidirlər. Ciddi siyasi nəticələr doğura biləcək çağırışlar ümumi xarakteristikalara yox, yoxlanıla bilən faktlara və bütün ölkələrə eyni tətbiq olunan meyarlara söykənməlidir. Burada bir məsələni də xatırlamaq yerinə düşər. 2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrlik edən ilk postsovet dövləti olanda da oxşar etirazlar səslənirdi. Buna baxmayaraq, üzv dövlətlər o vaxt namizədliyə siyasi dialoq imkanı kimi baxdılar və 11 illik fasilədən sonra keçirilən Astana sammiti ATƏT-in son on illiklərdəki yüksək səviyyəli nadir toplantılarından biri kimi tarixə düşdü. Deməli, sədrlik həm də öhdəlik, açıqlıq və beynəlxalq diqqət mexanizmidir”.
Müsahibimiz dedi ki, ATƏT sədrliyinə Azərbaycanın namizədliyi barədə danışarkən bir məsələni də qeyd etmək vacibdir: “Azərbaycan təxminən 30 il ərzində ATƏT-in həll edə bilmədiyi bir münaqişəni yaxın müttəfiqlərinin siyasi dəstəyinə arxalanaraq öz gücü ilə həll etmiş bir dövlətdir. Minsk prosesinin 2025-ci ilin sentyabrında 57 üzv dövlətin konsensusu ilə bağlanması da bunun beynəlxalq təsdiqidir. Başqa sözlə, münaqişənin tərəflərindən biri bu gün öz təcrübəsini təşkilatın sülh və təhlükəsizlik gündəliyinə gətirməyə hazır olduğunu bildirir. Bu istəyin arxasında Azərbaycanın çoxtərəfli diplomatiyadakı təcrübəsi – BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsində sədrlik, COP29-a ev sahibliyi, həmçinin Avropanın enerji təhlükəsizliyində, Orta Dəhliz və regional bağlantı layihələrindəki rolu dayanır. Azərbaycan həm Qərblə, həm də Şərqlə işlək münasibət saxlayan nadir ölkələrdəndir. Konsensusun getdikcə çətinləşdiyi ATƏT-də bunu ciddi üstünlük kimi təqdim etmək mümkündür.
Ümumiyyətlə, ATƏT sədrliyinə namizədliyin irəli sürülməsi yalnız ilk addımdır. Bundan sonra bir sıra sahələrdə diplomatik fəallığın artırılması zəruridir. İlk növbədə ATƏT üzvləri ilə ikitərəfli diplomatiya gücləndirilməlidir. Çünki sədrlik məsələsinə dair dövlətlərin mövqeləri Daimi Şuranın iclasında yox, paytaxtlarda hazırlanır. Tərəddüd edən ölkələrlə, xüsusilə Avropa İttifaqı üzvləri və Skandinaviya dövlətləri ilə konkret məsləhətləşmələr aparmaq, onların suallarını əvvəlcədən cavablandırmaq lazımdır. Daha sonra aydın və inandırıcı sədrlik proqramı hazırlanıb təqdim olunmalıdır. Proqramda münaqişədən sonrakı regional sülh quruculuğu, minalardan təmizləmə, regional bağlantılar, enerji və iqlim təhlükəsizliyi kimi Azərbaycanın real təcrübəsi olan istiqamətlər ön plana çəkilə bilər. Proqramda insan ölçüsü ilə bağlı bölmənin olması isə tənqidçilərin əsas arqumentini zəiflədər.
Bununla yanaşı, ATƏT institutları ilə dayandırılmış əməkdaşlığın və dialoqun bərpası və genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilməlidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR), Media Azadlığı üzrə Nümayəndəsi və digər qurumları ilə işçi əlaqələrinin canlandırılması praktik cəhətdən faydalı ola bilər. Əks halda ATƏT qurumları ilə əməkdaşlığı və dialoqu minimuma endirən və ya dayandıran dövlətin bu quruma sədrlik iddiasını bloklamaq daha asan olacaq. Humanitar xarakterli bəzi jestlər də faydalı ola bilər. Azərbaycanın əfv sərəncamları sahəsində zəngin təcrübəsi var. Sədrlik müzakirələri dövründə bu mexanizmin bir daha işə salınması beynəlxalq auditoriyada güclü siqnal kimi qəbul olunar və tənqidin ən həssas hissəsini birbaşa cavablandırar. Bundan başqa, şərti olaraq ictimai diplomatiya adlandırılan fəaliyyət daha da gücləndirilməli, nüfuzlu Avropa mediasında, analitik mərkəzlərdə və parlamentlərdə Azərbaycanın mövqeyini peşəkar şəkildə izah edən fəal iş aparılmalıdır.
Ermənistanın da ATƏT sədrliyinə iddialı olduğunu nəzərə alsaq, bu məsələdə rəqabət deyil, sülh gündəliyi məntiqi üstünlük təşkil etməlidir. Hər iki ölkənin sədrliyə maraq göstərməsi ziddiyyət kimi deyil, regionun ATƏT-ə yeni töhfə vermək imkanı kimi təqdim oluna bilər. Bakı və İrəvan arasında bu məsələdə qarşılıqlı dəstək formulunun tapılması sülh prosesinin real nəticə verdiyini bütün beynəlxalq birliyə nümayiş etdirərdi.
Son olaraq xatırlatmaq istəyirəm ki, cəmi iki il əvvəl, COP29 ərəfəsində də təxminən eyni arqumentlərlə Azərbaycanın ev sahibliyinə qarşı kampaniya aparılmışdı. O kampaniya uğursuzluğa düçar oldu və Bakı konfransı baş tutdu. Ümid etmək olar ki, indiki kampaniyanı da eyni aqibət gözləyir".
