Rusiyadan BMT-də “kapremont” çağırışı - Bakı hamıdan əvvəl...

Birləşmiş Millətlər Təşkilatında (BMT) köklü islahatlar aparılması çağırışı yenidən beynəlxalq gündəmə gəlib. Bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təşkilatın əsaslı şəkildə yenidən qurulmasının vacibliyindən danışıb.

Mariya Zaxarova noyabrın 24-də çıxışında bildirib ki, BMT-nin mövcud strukturu müasir dünyanın reallıqlarına cavab vermir. Onun fikrincə, təşkilatda kosmetik dəyişikliklərlə kifayətlənmək olmaz, əsaslı yenidənqurmaya ehtiyac var. Rusiya XİN nümayəndəsi xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə diqqət çəkib.

O qeyd edib ki, Asiya və Afrikada onlarla dövlət müstəqillik qazansa da, bu ölkələrin əksəriyyəti BMT-nin əsas qərarverici orqanında lazımi səviyyədə təmsil olunmur. Zaxarova hesab edir ki, BMT-nin strukturu dəyişən beynəlxalq reallıqlara uyğunlaşdırılmalıdır.

BMT islahatı noyabrın 19-da Çin, Rusiya və ABŞ liderlərinin görüşündə də gündəmdə olub. Si Cinpin, Vladimir Putin və Donald Tramp beynəlxalq təhlükəsizlik və qlobal idarəçilik məsələləri ilə yanaşı, BMT-nin gələcəyini də müzakirə ediblər. Görüşün yekununda üç ölkə təşkilatın islahatını dəstəklədiyini bəyan edib. Putin də sonrakı açıqlamasında BMT-nin potensialının artırılması və müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

BMT-nin gələn il üçün büdcəsi təsdiqlənib

Diqqətçəkən məqam odur ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının islahatı məsələsini hələ 2026-cı il iyulun 13-də Şuşada keçirilən IV Qlobal Media Forumunda gündəmə gətirmişdi. Dövlət başçısı Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına rotasiya prinsipi ilə bir daimi yer ayrılmasını təklif etmişdi. Bu yerləri həmin təşkilatlara sədrlik edən ölkələr tutmalı və onların veto hüququ olmalıdır. Bu təklif beynəlxalq qərarvermə sistemində daha geniş təmsilçiliyin təmin edilməsini nəzərdə tutur. Prezidentin yanaşmasına görə, İkinci Dünya müharibəsindən sonra formalaşmış BMT sistemi artıq müasir dünyanın siyasi reallıqlarını əks etdirmir. Azərbaycanın mövqeyi yalnız islahat çağırışı ilə məhdudlaşmır. Bakı konkret mexanizm təqdim etməklə beynəlxalq təşkilatlarda daha ədalətli təmsilçilik məsələsini gündəmə gətirir.

BMT-də köklü islahat çağırışlarının böyük dövlətlər tərəfindən dəstəkləndiyi indiki şəraitdə İlham Əliyevin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqına Təhlükəsizlik Şurasında daimi yer və veto hüququ verilməsi təklifi reallaşa bilərmi?

Referans Media-ın məlumatına görə, professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında xatırladıb ki, Türkiyə lideri Ərdoğan da "dünya beşdən böyükdür" kəlməsi ilə BMT TŞ-da islahatlara çağırış edib. Onun sözlərinə görə, hazırkı münaqişələr, təhlükəsizlik problemi Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı zəruri edir:

"Hazırda daimi üzvlər qlobal təhlükəsizliyin guya təminatçısı kimi görünmək istəyirlər, amma dünyada gedən müharibələrdə bu və ya digər şəkildə iştirak edirlər. Baxın, Rusiya Ukraynaya hərbi təcavüz edib, ABŞ İrana hücum edərək rəhbərlərini öldürüb, Çin münaqişənin iştirakçılarından Moskva və Tehranı dəstəkləyir, həmçinin, Fransa və Böyük Britaniya Kiyevi silahlandırır. O halda hansı qlobal təhlükəsizlikdən danışmaq olar? Dünyanı qarışdıranlar, nizamı pozanlar BMT Təhlükəsizlik Şurasının elə 5 daimi üzvüdür. Odur ki, islahatlar vaxtıdır. Əgər Çində keçirilən danışıqlarda da bu razılaşma olubsa, ardınca Zaxarova rəsmi Moskvanın mövqeyini nəzərə çatdırırsa, bu yöndə müzakirələri intensivləşdirmək lazımdır".


Qabil Hüseynliyə ağır itki | Axar.Az

Professorun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin çağırışları reallaşa bilər: "Hətta Türkiyənin özü daimi üzvlərdən biri ola bilər. Artıq bir güc olaraq meydana çıxıb və Liviyadan Suriyaya qədər proseslərdə mühüm aktordur. Həmçinin, Pakistan BMT Təhlükəsizlik Şurasının yeni daimi üzvü seçilə bilər. Azərbaycan hər iki müttəfiq ölkənin namizədliyini dəstəkləməyə hazırdır. Afrika qitəsindən isə Cənubi Afrika Respublikası ola bilər. Eyni zamanda, Misir də mümkündür. İstisna etmirəm ki, Hindistan, Yaponiya da real namizədlər görünürlər. Ancaq ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyadan biri belə razı olmasa, BMT-də islahat baş tutmayacaq. Ancaq bir məsələ də var - əgər BMT TŞ genişləndirilsə, yeni daimi üzv olması ilə yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə rotasiya əsasında TŞ-də təmsil olunması realdır. Hələlik isə Afrika ölkələrinin daimi üzvlük tələbi getdikcə daha güclü siyasi dəstək qazanır. Çünki 54 dövlətin təmsil olunduğu Afrika qitəsinin TŞ-də daimi yeri yoxdur və bu, doğurdan da ədalətsizlikdir".

Qabil Hüseynli əlavə edib ki, əgər Qoşulmama Hərəkatına daimi rotasiya yeri ayrılsa, gələcəkdə Azərbaycan da üzv dövlət kimi bu təmsilçilik uğrunda mübarizə apara bilər: "Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı üçün daimi rotasiya yeri yaradılarsa, Azərbaycan potensial namizəd ola bilər. Sadəcə, burada, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və İndoneziya kimi dövlətlərlə rəqabət məsələsi ortaya çıxacaq. Bütün hallarda BMT-də islahatlar qaçılmazdır. Hərçənd bu dəyişikliklərdən sonra BMT-nin təsir gücünün nə qədər artacağını söyləməkdə çətinlik çəkirəm. Çünki bu gün BMT kifayət qədər nüfuzunu və təsir imkanını itirib. Bunu 4 qətnamənin icra edilməməsində gördük. Bu gün də Ukrayna münaqişəsində, Maduronun oğurlanmasında görməkdəyik".

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki