Bakıda ev almaq istəyənlər mütləq oxusun – Böyük dəyişiklik gözlənilir

Bakıda yeni yaşayış binalarının tikintisinin azalması mənzil bazarında gələcək təkliflə bağlı suallar yaradıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti sektorunda real ifadədə 6,8 faiz azalma qeydə alınıb. Eyni zamanda, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb. Beləliklə, ümumi investisiyaların artdığı bir dövrdə mənzil tikintisinə ayrılan vəsaitin azalması diqqət çəkir. Paytaxtda isə mənzilə tələbat, xüsusilə yeni tikililərə maraq yüksək olaraq qalır.

Tikinti layihələrinin azalması gələcəkdə mənzil bazarında təklifin məhdudlaşmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilərmi? Bakıda yeni yaşayış binalarının tikintisini ləngidən əsas amillər hansılardır?

Referans Media-ın məlumatına görə, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, tikinti sektorunda qeydə alınan geriləmə gələcəkdə mənzil bazarında təklifin azalması baxımından ciddi siqnaldır:

“Lakin bu prosesin mənzil qiymətlərinə təsirini dərhal baş verəcək dəyişiklik kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ tikinti fəaliyyətinin zəifləməsinin qarşıdakı illərdə yeni mənzil təklifinə necə təsir edəcəyidir. Açıqlanan göstəricilər tikinti sektorunda aktivliyin zəiflədiyini göstərməklə yanaşı, gələcək mənzil təklifinin formalaşması baxımından da diqqətlə izlənilməlidir. Bu azalma sabah mənzil bazarında təklifin məhdudlaşmasına gətirib çıxara bilər. Çünki bu gün başlanmayan layihə gələcəkdə bazara çıxarılmayacaq mənzil deməkdir. Ona görə də biz yalnız cari tikinti göstəricilərinə deyil, qarşıdakı 2-3 il ərzində istifadəyə veriləcək yaşayış sahələrinin həcminə də diqqət yetirməliyik. Bakıda mənzilə tələbatı qoruyan bir sıra amillər var. Yeni ailələrin yaranması, urbanizasiya, daxili miqrasiya və insanların mənzil şəraitini yaxşılaşdırmaq istəyi bazarda tələbin davam etməsinə səbəb olur. Əgər mənzilə tələbat öz mövqeyini qoruyarsa, yeni tikililərin bazara çıxarılması isə zəifləyərsə, tələb və təklif arasında fərq yaranır. Bu da qiymətlərə yüksəldici təsir göstərəcək. Xüsusilə mərkəzi ərazilərdə və infrastrukturu formalaşmış yaşayış massivlərində belə təsirin daha çox hiss olunacağını düşünürəm”.

vuqar

Vüqar Oruc

İqtisadçı bildirib ki, Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində boş torpaq sahələri azalır, mövcud torpaqların qiyməti isə yüksəlir:

“Bu, tikinti şirkətlərinin layihə xərclərini artırır. Torpaq daha baha əldə edildikdə həmin xərc son nəticədə mənzilin satış qiymətində də özünü göstərir. Şəhərsalma tələbləri tikintinin keyfiyyətini, təhlükəsizliyini və şəhərin planlı inkişafını təmin etmək baxımından vacibdir. Bu normalara əməl olunmalıdır. Ancaq layihələrin hazırlanması və razılaşdırılması prosesləri də aydın, şəffaf və proqnozlaşdırılan olmalıdır. Çünki prosedurların uzanması investor üçün əlavə vaxt və maliyyə itkisi yaradır. Xüsusilə kiçik və orta tikinti şirkətləri belə çətinlikləri daha çox hiss edirlər”.

Ekspert qeyd edib ki, Bakıda tikinti sektorunun inkişafı üçün əsas məsələ sadəcə daha çox bina tikmək deyil:

“Tikinti fəaliyyətini həm iqtisadi, həm də şəhərsalma baxımından səmərəli təşkil etmək lazımdır. Bunun üçün yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, icazə və razılaşdırma prosedurlarının şəffaflaşdırılması, investorlar üçün sabit qaydaların yaradılması vacibdir. Eyni zamanda, tikinti şirkətləri yalnız yüksək gəlirli premium layihələrə deyil, orta gəlirli ailələrin ala biləcəyi mənzillərin inşasına da maraq göstərməlidirlər. Bu, həm bazarda təklifin genişlənməsinə, həm də mənzil əlçatanlığının yaxşılaşmasına xidmət edəcək.

Hazırkı göstəricilər əsasında mənzil qiymətlərinin mütləq artacağını söyləmək tezdir. Ancaq tikinti sektorundakı geriləmə diqqətdən kənarda qalmamalıdır. Əgər yeni yaşayış layihələrinin sayı azalarsa, tələb isə öz mövqeyini qoruyarsa, bazara çıxarılan mənzillərin həcmi məhdudlaşa bilər. Bu da qiymətlərin artması üçün əlavə iqtisadi zəmin yaradacaq. Ona görə də əsas diqqət yalnız bugünkü qiymətlərə yox, gələcəkdə bazara nə qədər yeni mənzil çıxarılacağına yönəldilməlidir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki